ORXUS İNFORMASİYA MƏRKƏZİ AÇILMIŞDIR
Mərasimdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ekologiya sahəsində informasiya mənbələrinin açıqlığının vacibliyini vurğulayaraq dedi ki, hər bir Azərbaycan vətəndaşı təbiətimizin sərvətlərindən səmərəli şəkildə bəhrələnməklə yanaşı, həm də onu qorumağa borcludur. O, Orxus informasiya mərkəzinin açılışına yardıma görə ATƏT-in nümayəndələrinə təşəkkür etdi. Nazir bildirdi ki, mərkəzin fəaliyyətini genişləndirmək üçün İnternet səhifəsi açmaq nəzərdə tutulur.
ATƏT-in Bakı ofisinin pəhbəri Piter Burhard yeni informasiya mərkəzinin ikillik layihəsinin həyata keçirilməsinə köməyə görə ölkə hökumətinə və şəxsən respublikamızın ekologiya və təbii sərvətlər nazirinə təşəkkür edərək dedi ki, Orxus konvensiyasının iştirakçısı kimi Azərbaycan bu qurumun təşkili üçün öhdəlik götürmüşdür.
O xatırlatdı ki, 1998-ci ildə Danimarkanın Orxus şəhərində qəbul edilən və 2001-ci ilin oktyabrında qüvvəyə minən bu konvensiya “Avropa üçün ətraf mühit” prosesinin əməli təcəssümüdür. Azərbaycan konvensiyanı 1999-cu ildə imzalamışdır.
Mərasimdə bildirildi ki, ATƏT-in Bakı ofisi informasiya mərkəzinin təchizatına 25 min dollar məbləğində maddi yardım göstərmiş və bunun sayəsində o, kompüterləşdirilmişdir.
İnformasiya mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasının birinci mərtəbəsində yerləşir.