Ötən ay 3 mindən çox vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyin olunub
Bakı, 4 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, pensiya təyinatının elektron infrastrukturu qurularaq, bu ilin əvvəlindən ölkəmizdə pensiyaların elektron qaydada təyinatına başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar ayında 3 mindən çox vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyin olunub.
Kişilərin 64, qadınların 61 yaşı tamam olduğu gün həmin vətəndaşlara pensiya təyinatı həyata keçirilib. Həmin gün onlara pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə SMS, e-mail və ya rəsmi məktubla məlumat verilib.
Pensiya təyinatının avtomatlaşdırılması bu sahədə vətəndaş-məmur təmasının aradan qalxmasına və şəffaflığın təmin olunmasına imkan yaradıb. Vətəndaşların pensiya yaşı çatdıqda onlar heç yerə müraciət etmədən, hər hansı süründürməçilik və bürokratik halla üzləşmədən pensiya hüququna sahib olurlar.
Xatırladaq ki, 2019-cu ildə pensiya hüququ yaranacaq şəxslərdən 70 faizinə, yəni 36 min nəfərə elektron qaydada pensiya təyin olunacağı proqnozlaşdırılır. Qalan 30 faizə dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və başqaları daxildir və onların da pensiya təyinatının avtomatlaşdırılması sahəsində tədbirlər görülür.