Ötən ay günəş elektrik stansiyalarında elektrik enerjisinin istehsalı 4 dəfədən çox artıb
Bakı, 14 fevral, AZƏRTAC
2024-cü ilin yanvar ayı üzrə respublikada elektrik enerjisinin istehsalı 13 faiz azalaraq 2 milyard 401,6 milyon kilovat-saat olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 2 milyard 229,3 milyon kilovat-saat, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 62,2 milyon kilovat-saat artımla 129,4 milyon kilovat-saat, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 milyon kilovat-saat artımla 42,9 milyon kilovat-saat təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 5,8 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 18,2 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 18,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 milyard 165,7 milyon kilovat-saat (İES-lərdə 2 milyard 41,1 milyon kilovat-saat, SES-lərdə 124,6 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 30,4 milyon kilovat-saat (İES-lərdə 24,03 milyon kilovat-saat, SES-lərdə 3,65 milyon kilovat-saat, Günəş ES-də 2,74 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,74 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 201,8 milyon kilovat-saat təşkil edib.
Ötən ay ərzində elektrik enerjisinin ixracı 4,4 dəfə azalaraq 116,3 milyon kilovat-saat, idxalı isə 75,9 faiz artaraq 19 milyon kilovat-saat olub.