CƏMİYYƏT
Ötən il 65 qəsdən adam öldürmə cinayətinin üstü açılıb
Bakı, 22 yanvar, AZƏRTAC
2018-ci ildə Bakı şəhəri ərazisində prokurorluq və polis orqanları üzrə 11 min 813 hadisə qeydə alındığı halda, ötən il bu göstərici 637 hadisə, yəni 5,4 faiz azalaraq 11 min 176 hadisə təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 22-də Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2019-cu ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.
Qeyd olunub ki, onların açılma faizi 0,4 faiz azalaraq 79,8 faiz, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 30 hadisə və ya 2,3 faiz azalaraq 1278 olub.
Ötən il qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2018-ci ildə 66 hadisə) biri istisna olmaqla, habelə 26 qəsdən adam öldürməyə cəhd cinayətinin (2018-ci ildə 32 hadisə) hamısının açılması təmin edilib.