Özbək alimi Azərbaycan mövzusunda dissertasiya müdafiə edib
Səmərqənd, 8 fevral, АZƏRTAC
Özbək alimi Rüstəm Cabbarov Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində “Əlişir Nəvainin “Ağqoyunlu divanı” və o dövrün ədəbi mühitində yeri” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
AZƏRTAC xəbər verir ki, müdafiədə Rüstəm Cabbarovun elmi rəhbəri, filologiya elmləri doktoru Aftandil Erkinov və opponentləri tədqiqatçının işinə yüksək qiymət verib, dissertasiyanın Özbəkistanda bu mövzuda ilk elmi iş olduğunu bildiriblər.
Rüstəm Cabbarov müdafiə etdiyi mövzu ilə bağlı AZƏRTAC-ın müxbirinə deyib: “Divan Ağqoyunlu hökmdarı Uzun Həsənin oğlu Sultan Xəlilə həsr olunub. Əlyazmanı xarəzmli Əbdürrəhim Ənisi adlı katib köçürüb. Kitabda 223 qəzəl, 3 müxəmməs, 1 müstəzad və 1 tərcibənd yer alıb. Bu əlyazmanı özbək alimi, filologiya elmləri doktoru Aftandil Erkinov 2012-ci ildə Misir kitabxanasından tapıb”.
Alim bildirib ki, Əlişir Nəvainin divanının üzü 1471-ci ildə Təbrizdə köçürülüb. Bu, onu göstərir ki, Azərbaycanda Nəvai yaradıcılığına maraq şairin cavanlıq dövrünə təsadüf edir. Diqqət çəkən odur ki, bu divanda bəzi kəlmələr əski özbək türkcəsində deyil, məhz Azərbaycan türkcəsində yazılıb.
Qeyd edək ki, Rüstəm Cabbarov Özbəkistan, Türkiyə, Orta Asiya respublikalarındakı elmi konfranslarda dəfələrlə “Əlişir Nəvai və Ağqoyunlular dövrünün ədəbiyyatı” mövzusunda çıxış edib. O, həmçinin tanınmış jurnalist və tərcüməçidir. İndiyədək Azərbaycan ədəbiyyatından bir neçə kitabı özbək dilinə tərcümə edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd