Özbəkistan KİV-ləri Azərbaycanın Dövlət Müstəqilliyi Günündən yazır
Daşkənd, 18 oktyabr, AZƏRTAC
Daşkənddəki uchildiz.uz, 1news.uz, 12news.uz və sharh.uz portalları Azərbaycanın dövlət müstəqilliyinin 24-cü ildönümü ilə bağlı özbək və rus dillərində geniş məqalələr yayıb.
Məqalələrdə Azərbaycanın dövlət müstəqilliyinin tarixindən geniş bəhs olunur.
Bildirilir ki, Azərbaycan Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş sessiyasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı yekdilliklə qəbul edilib. Həmin il dekabrın 29-da ümumxalq səsverməsi - referendum keçirilib və Azərbaycan xalqı dövlət müstəqilliyinin lehinə səs verib.
Məqalələrdə qeyd olunur ki, 1992-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi Dövlət himnini, sonra isə Dövlət bayrağını təsdiq edib.
Həmçinin vurğulanır ki, 1993-cü ildə böyük siyasi xadim Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə dövlətçiliyin yeni mərhələsi başlayır.
Diqqətə çatdırılır ki, Azərbaycan 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib. Hazırda Azərbaycan dünyanın 160-dan çox ölkəsi ilə diplomatik əlaqələr qurub.
Yazılarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilir, ölkəmizin sülh təşəbbüslərindən danışılır.
Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafı haqqında ətraflı söhbət açılır. Qeyd edilir ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75-80 faizini təşkil edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd