Özbəkistan portalı: “Bakıdakı İçərişəhər səyyahların sevimli məskənidir”
Daşkənd, 3 aprel, AZƏRTAC
Özbəkistanın kun.uz portalında özbək dilində “Bakıdakı İçərişəhər səyyahların sevimli məskənidir” sərlövhəli məqalə verilib.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu təşkil olunub və onlar Bakını və regionlarımızı gəziblər.
Məqalədə bildirilir ki, İçərişəhər Bakının ürəyidir, bu abidə şəhər 2000-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Yazıda qeyd edilir ki, qoruq ərazisi hələ tunc dövründən yaranıb.
Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşib ki, artıq VIII-IX əsrlər ərzində İçərişəhərdə xeyli əhali yaşayıb, burada sənətkarlıq və ticarət inkişaf edib.
XV əsrdə isə Şirvanşahlar öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürüb.
Bildirilir ki, 1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olub. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra şəhərin inkişaf və genişləndirilməsi prosesi başlayıb, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlayıb.
Məqalədə Şirvanşahlar sarayı, Qız qalası haqqında da ayrıca məlumat verilir.
Materialda İçərişəhərlə bağlı 20 fotoşəkil də yer alıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd