Özbəkistan portalı Ermənistanın son təxribatları ilə bağlı məqalələr verib
Daşkənd, 17 iyul, АZƏRTAC
Özbəkistanın interpress.uz portalı Ermənistanın Azərbaycan sərhədindəki son təxribatları ilə bağlı özbək dilində məqalələr verib.
Məqalələrdə bildirilir ki, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın dövlət sərhədinin Tovuz rayonundakı mövqelərinə hücum etməyə cəhd göstərib, nəticədə Azərbaycan Ordusunun müqaviməti ilə qarşılaşaraq geri çəkilməyə məcbur olub. Ermənistan tərəfinin atəşi ilə Azərbaycan Ordusunun zabit və əsgərləri həlak olub, mülki əhali arasında ölən və yaralananlar var.
Məqalədə deyilir ki, Ermənistan silahlı qüvvələri Tovuzun Dondar Quşçu, Ağdam və digər kəndləri minomyotlardan və iriçaplı silahlardan atəşə tutub, dağıntılar var.
Yazılarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da söhbət açılır. Bildirilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Dağlıq Qarabağ bölgəsindən əlavə Azərbaycanın daha 7 rayonu işğal altındadır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd