İQTİSADİYYAT
Özəl kredit bürosunun yaradılmasına dair İcra Komitəsinin növbəti iclası keçirilmişdir
Bakı, 12 iyul (AZƏRTAC). Azərbaycanda özəl kredit bürosunun yaradılmasına dair İcra Komitəsinin növbəti iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, komitədə qabaqcıl beynəlxalq təcrübələrdən istifadə edərək Azərbaycanda özəl kredit bürosu yarada biləcək beynəlxalq texniki tərəfdaşın - proqram təminatı təchizatçısının seçilməsi məsələləri müzakirə edilmişdir.
Komitənin qərarı ilə bu ilin iyul ayında təkliflər üçün müraciətlər göndəriləcək, operatorların rəsmi təkliflərinə isə sentyabrda baxılacaqdır. Tərəfdaşın seçilməsi üçün əsas meyarlar onun təcrübəsi, kredit bürosunun inkişafına investisiya qoymaq imkanları və maliyyə vəziyyətidir. Seçimdə kredit bürosuna daxil olan və hərəsi bir səs hüququna 10 bank iştirak edəcəkdir.
Kredit bürosunun yaradılması üzrə İcra Komitəsinə aşağıdakı banklar daxldir: AccessBank, AGBank, ASB Bank, Bank Respublika, DəmirBank, MuğanBank, PaşaBank, TuranBank, Yapı Kredi Azerbaycan, UniBank.
Kredit Bürosunun yaradılması üzrə İcra Komitəsi Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə 2012-ci ilin iyul ayında yaradılmışdır.