İtaliyada Respublika Günü qeyd olunur
Roma, 2 iyun, AZƏRTAC
İyunun 2-də İtaliyanın milli bayramı - Respublika Günü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, İtaliya Prezidenti Sercio Mattarella bu münasibətlə paytaxt Romadakı “Altare della Patria” memorial kompleksində “Naməlum əsgər” abidəsini ziyarət edib, önünə əklil qoyub.
Mərasimdə İtaliyanın Baş naziri Ciorcia Meloni, Senatın sədri İqnazio Benito Maria La Russa, Deputatlar Palatasının sədri Lorenzo Fontana, müdafiə naziri Quido Krosetto və digər rəsmi şəxslər iştirak ediblər.
Sercio Mattarella respublikanın elan edilməsinin 78-ci ildönümü münasibətilə Silahlı Qüvvələrə ünvanladığı müraciətində İtaliyanın vahid ölkə, azad və demokratik bir millət olmasına töhfə vermiş şəhidlərə öz ehtiramımı bildirib. O qeyd edib ki, müstəqillik və azadlıq hər gün niyyət birliyi və ümumi rifah naminə əməkdaşlıq etmək bacarığı ilə müdafiə edilməli olan nailiyyətlərdir.
İtaliya Prezidenti Silahlı Qüvvələrin beynəlxalq sülh və sabitlik işinə verdiyi töhfənin Avropa və Yaxın Şərqdə mülki əhaliyə qarşı dağıntı və təcavüzlə səciyyələnən bugünkü vəziyyətdə həmişəkindən daha qiymətli olduğunu vurğulayıb.
Milli bayram münasibətilə təbriklərini çatdıran Baş nazir Ciorcia Meloni isə qitənin həm birliyinin, həm də milli dövlətlərin gücü və spesifikliyi olan Avropa ideyasına və arzusuna qayıtmasının zəruriliyini bildirib.
Mərasimdə İtaliya Silahlı Qüvvələrinin milli aerobatika komandası Roma səmasında ənənəvi manevrlər yerinə yetirib. Daha sonra İmperator forumlarında ənənəvi hərbi parad keçirilib.
Xatırladaq ki, İtaliya İkinci Dünya müharibəsindən sonra - 1946-cı ildə səsvermə nəticəsində monarxiyadan respublika idarəetmə sisteminə keçib. O vaxtdan bəri ölkə ikipalatalı (Senat və Nümayəndələr Palatası) qanunvericilik sistemi ilə idarə edilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma