Pakistanın “Diplomatik Star” jurnalında Naxçıvan Muxtar Respublikası haqqında məqalə dərc olunmuşdur
Bakı, 12 iyul (AZƏRTAC). Pakistanın ingilisdilli “Diplomatik Star” jurnalında nəşrin baş redaktoru Raca Mahmud Battinin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi” adlı məqaləsi dərc edilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, müəllif Naxçıvanda 1162 tarixi-mədəniyyət abidəsindən 58-nin dünya əhəmiyyətli olduğunu diqqətə çatdırmış, Əshabi-Kəhf, Nuh, Mömünə Xatun, Gülüstan türbələrindən, Əlincə qalasından bəhs etmişdir.
Məqalədə qeyd edilir ki, Birinci Dünya müharibəsindən, Rusiya imperiyasının dağılmasından bəhrələnmək istəyən ermənilər Naxçıvanı işğal etmək niyyətində olmuş, yalnız naxçıvanlıların şücaəti nəticəsində onların məkrli planları puç olmuşdur. SSRİ süquta uğradıqdan sonra Naxçıvan yenidən ermənilərin hədəfinə tuş gəlmişdir. Ermənistanın blokadası nəticəsində muxtar respublika çox çətin duruma düşmüşdür. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvana rəhbərlik etdikdən sonra muxtar respublikanın təhlükəsizliyi təmin olunmuşdur. Eyni zamanda, Azərbaycanda ilk dəfə Naxçıvanda “sovet sosialist” ifadələri muxtar respublikanın adından çıxarılmış, Kommunist Partiyasının fəaliyyəti dayandırılmış, SSRİ-nin tərkibində qalmaq barədə referendumun keçirilməsi təklifi rədd edilmişdir. İlk dəfə məhz Naxçıvanda Azərbaycanın üçrəngli bayrağı ucaldılmış, sovet qoşunları oranı tərk etmiş, Türkiyə və İran ilə iqtisadi əlaqələr yaradılmışdır.
R.M.Bhatti yazıda 2013-cü ildə III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı kimi Naxçıvana səfər etdiyini, bu diyarın bir çox tarixi abidələri ilə tanış olduğunu da xatırlatmışdır. Bildirmişdir ki, hər bir müsəlmanın qəlbində xüsusi yer tutan Əshabi-Kəhf türbəsinə ziyarəti onun xatirəsində daim yaşayacaqdır.