Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pandemiya dövründə Azərbaycanda miqrasiya idarəçiliyi

Pandemiya dövründə Azərbaycanda miqrasiya idarəçiliyi

Bakı, 26 avqust, AZƏRTAC

Dünyanı cənginə alan COVID-19 pandemiyası bütün sahələrlə yanaşı, miqrasiya proseslərinə də ciddi təsir göstərib. Pandemiyanın miqrasiya sahəsinə mənfi təsirinin azaldılması üçün səmərəli miqrasiya idarəçiliyi mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, pandemiya şəraitində ölkəmizdə digər istiqamətlərdə olduğu kimi, miqrasiya proseslərinin idarəedilməsi sahəsində də ciddi addımlar atılır.

AZƏRTAC Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun “Pandemiya dövründə Azərbaycanda miqrasiya idarəçiliyi” sərlövhəli məqaləsini təqdim edir.

Yeni növ koronavirus xəstəliyinin (COVID-19) dünya dövlətləri qarşısında yaratdığı çağırışlar və insanların gündəlik həyatlarına gətirdiyi məhdudiyyətlər son dövrlər ən çox müzakirə edilən, həlli axtarılan mövzulardandır. COVID-19 pandemiyası bütün dünyada yeni situasiya və çoxsaylı çağırışlar yaradıb. Bu çağırışlar insan yerdəyişməsinə əhəmiyyətli təsir edərək, miqrasiya sahəsini də pandemiyadan ən çox zərərçəkən istiqamətlərdən biri kimi meydana çıxarıb. Belə ki, COVID-19-un daha çox insan təması ilə yayılan infeksiya olması dövlətləri bu virusdan qorunmaq üçün, həmçinin sərhədlərin bağlanması, səyahət və hərəkət məhdudiyyətləri, sosial məsafə qaydalarının tətbiqi və digər bu kimi oxşar tədbirlər görməyə məcbur edib, bu isə öz növbəsində miqrasiya proseslərində kəskin neqativ nəticələrə səbəb olub. Bu şərtlər dövlətlər və beynəlxalq icma tərəfindən çevik qərarların qəbul olunmasını, həmrəylik göstərilməsi və sıx əməkdaşlıq edilməsini şərtləndirib və bu istiqamətlərdə saysız təşəbbüslər, təbdirlər həyata keçirilib, qərarlar qəbul olunub. Pandemiyanın elan edilməsindən ötən müddətdə müxtəlif ölkələrdəki vəziyyət və həyata keçirilmiş tədbirlərin nəticələri artıq dünya dövlətlərinin bu qlobal problemlə mübarizə siyasətlərinin, yanaşmalarının və verilmiş qərarların səmərəlilik səviyyəsini qiymətləndirməyə imkan yaradır. Azərbaycanın da bu xüsusda təcrübəsi təqdirəlayiqdir. Ölkəmiz koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün ilk günlərdən çevik və zəruri qabaqlayıcı addımlar atıb, pandemiyaya qarşı təxirəsalınmaz tədbirləri operativ həyata keçirib.

Pandemiyanın fəsadlarını minimuma endirmək, xəstəliyin geniş yayılmasının qarşısını almaq, səhiyyə sistemini gücləndirmək, sosial cəhətdən həssas əhaliyə davamlı dəstək və iqtisadi dayanıqlığı təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən vaxtında və operativ qərarlar verilib. Azərbaycanda ilk yoluxma faktının qeydə alındığı tarixdən daha əvvəl Prezidentin tapşırığı ilə Dövlət Miqrasiya Xidməti də daxil olmaqla, bütün aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması mövcud şəraitdə idarəetmənin və kommunikasiyanın düzgün qurulmasına, həmçinin çevik qərarların qəbul olunmasına imkan yaradıb. Pandemiya dövründə dövlətimiz üçün prioritet məsələ Prezident İlham Əliyevin vurğuladığı kimi “insan sağlamlığı, insan həyatı və insanların sosial müdafiəsi” olub.

Ölkəmiz bu istiqamətdə, həmçinin digər dövlətlərlə həmrəylik göstərib, beynəlxalq tərəfdaşlarla, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı gücləndirib, qlobal bəlaya qarşı mübarizədə hərtərəfli yanaşma sərgiləyərək humanitar təşəbbüslərini də davam etdirib. Belə ki, ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar dəyərində könüllü ianələr ayrılıb, 30-dan çox ölkəyə humanitar yardımlar olunub.

Azərbaycanın COVID-19 dövründə miqrasiya idarəçiliyi ümumi olaraq əksər ölkələrin yaxşı təcrübələri ilə uyğunluq təşkil edir, bununla belə özünün spesifik xüsusiyyətləri ilə fərqlənir. Ölkəmizdə COVID-19 dövründə miqrasiya sahəsində də çevik, şəffaf və səmərəli idarəçilik modeli qurulub. Belə ki, Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma faktının qeydə alındığı 2020-ci il fevralın 28-dən sonra qısa müddətdə yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış dayandırılıb, ölkə daxilində xüsusi karantin tədbirləri tətbiq edilib, daxili yerdəyişmə məhdudlaşdırılıb.

COVID-19 pandemiyası dövründə miqrasiya sahəsində ortaya çıxan əsas suallar ölkədə olan miqrantların hüquqi vəziyyəti, onların müraciətlərinə baxılması və digər narahatlıqlarının aradan qaldırılması ilə bağlı görüləcək tədbirlər barədə idi. Ölkədə yaşama icazələri əsasında yaşayan miqrantların hüquqi vəziyyəti nisbətən stabil olsa da, Azərbaycana viza əsasında və ya vizasız qaydada gələn, ölkə ərazisinə giriş-çıxışa tətbiq edilən məhdudiyyət ilə əlaqədar geri qayıda bilməyən və ya qayıtmaq istəməyən əcnəbilərin hüquqi statuslarının qeyri-müəyyənliyi narahatlıq doğuran məsələlərdən idi.

Pandemiyanın ortaya çıxdığı ilk vaxtlarda miqrasiya sahəsində beynəlxalq təcrübə formalaşma mərhələsində idi və aidiyyəti təşkilatlar da tövsiyələrini vermək üçün prosesi izləyir, yaxşı təcrübələri təhlil edirdilər. Vəziyyət isə vaxt itirmədən qərarların qəbul olunmasını tələb edirdi. Həmin dövrdə Azərbaycan miqrasiya siyasətini əcnəbilərin maksimum rahatlığı, inzibati prosedurların, demək olar ki, sıfıra endirilməsi və elektronlaşmanın geniş təşviqi üzərində qurdu. Azərbaycanla digər dövlətlər arasında sərnişin daşımaları məhdudlaşdırıldıqdan sonra, xüsusilə qonşu dövlətlər öz vətəndaşlarının keçidi üçün dövlət sərhədlərini xüsusi şərtlərlə açıq saxladılar, digər dövlətlər isə çarter reysləri təşkil etdilər. Bu müddətdə müxtəlif səbəblərdən öz ölkələrinə qayıtmaq istəməyən əcnəbilərin ölkədə qalma müddəti giriş-çıxışa qoyulan məhdudiyyətlər aradan qaldırılanadək uzadıldı və bunun üçün əlavə sənəd istənilmədi. Başqa sözlə, heç bir əcnəbi ölkədən çıxmağa məcbur edilmədi və bunun üçün onların hər hansı inzibati prosedurlardan keçməsi tələb olunmadı.

Əcnəbilərin ölkədə olmasının və yaşamasının leqallaşdırması tədbirlərinin, ümumi olaraq miqrasiya xidmətlərinin xüsusi karantin rejimi çərçivəsində həyata keçirilməsinin ən səmərəli yolu elektron xidmətlərdən geniş istifadə olub. COVID-19 dövrünün təbii nəticələrindən biri də elektron xidmətlərə olan tələbatın kəskin artması və elektron xidmətlərin daha da təkmilləşdirilməsinə olan ehtiyacın daha açıq ortaya çıxmasıdır. Dövlət Miqrasiya Xidməti tərəfindən pandemiyanın ilk günlərindən əcnəbilərə göstərilən elektron xidmətlər mövcud tələbata uyğunlaşdırılıb və yenilənmiş, həmçinin tələb olunan bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi təmin edilib. Qeyd etmək istərdik ki, elektron xidmətlərə çıxış, həm də Xidmət tərəfindən hələ 2018-ci ildən istifadəyə verilmiş və vətəndaş məmnunluğunun təmin olunmasına yönəlmiş “MigAz” mobil tətbiqi vasitəsilə də mümkündür. Ötən dövrdə Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi elektron xidmətlərdən əcnəbilərin rahat istifadəsinin təmini, eləcə də mövcud vəziyyətlə əlaqədar müvafiq prosedurlar barədə ictimaiyyətin vaxtında və dolğun məlumatlandırılması diqqət mərkəzində saxlanılıb. Belə ki, elektron xidmətlərdən istifadə qaydaları və Xidmət tərəfindən həyata keçirilən işlərlə bağlı müxtəlif dillərdə maarifləndirici və məlumatlandırıcı vəsaitlər, o cümlədən videotəlimatlar hazırlanıb, sosial şəbəkələr də daxil olmaqla kütləvi informasiya vasitələrində yayımlanaraq hədəf qruplarına çatdırılıb. Qeyd edilənlərlə yanaşı, Xidmətin üç dildə (Azərbaycan, ingilis və rus) 24 saat fasiləsiz fəaliyyət göstərən 919 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib və göstərilən xidmətin daha da təkmilləşdirilməsi məqsədilə funksional imkanlar artırılıb. Bu gün də Çağrı Mərkəzi tərəfindən müraciətlər dərhal, zərurət olduqda isə araşdırıldıqdan sonra cavablandırılır, məlumatlandırma və məsləhət xidməti göstərilir, həmçinin şikayətlərin (məlumatların, təkliflərin) qəbulu və yönəldilməsi həyata keçirilir. Çağrı Mərkəzi ölkə xaricindən gələn zənglərə də açıq olmaqla yanaşı, bu dövrdə gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Həmçinin Çağrı Mərkəzi tərəfindən Xidmətin rəsmi internet səhifəsinin “Online bələdçi” xidmətinə, “WhatsApp” əlaqə vasitəsinə və sosial şəbəkə hesablarına fiziki və hüquqi şəxslərdən daxil olmuş müxtəlif məzmunlu müraciətlər cavablandırılır. Maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçirilərkən Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarının ofisinin 2020-ci il aprelin 7-də dərc etdiyi COVID-19 dövründə miqrantların insan hüquqlarına dair tövsiyəsi də nəzərə alınır.

Pandemiya nəticəsində yaranmış şəraitdə miqrasiya xidmətlərinin göstərilməsində səmərəli idarəçiliyin təmin edilməsi elektron xidmətlərimizin mövcud vəziyyətə sürətli uyğunlaşdırılması, çevik cavab və məlumatlandırma mexanizmlərinin hazırlanması, həmçinin qurumdaxili çevik icra prosesini təmin edən, “sıfır kağız” və “sıfır kontakt” prinsiplərinə əsaslanan elektron sistem ilə mümkün olub. Nəticə etibarilə müraciət edənlərdən aldığımız müsbət rəylər isə gələcəkdə bu sahəni daha da inkişaf etdirməyimiz üçün bizə əlavə stimul verib.

Martın 31-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı COVID-19 dövründə üzv dövlətlərə qaçqınlar və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı əsas ismarıclarını çatdırıb. Burada COVID-19 dövründə sığınacaq verilməsi üçün müraciətlərin qəbulunun dayandırılmaması, hərəkət azadlığına tətbiq edilən məhdudiyyətlərin ixtiyari olmaması və ya hər hansı ayrı-seçkiliyə yol verilməməsi, pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdə qaçqınların, məcburi köçkünlərin və digər qrupların unudulmaması əsas başlıqlar olub.

Azərbaycanda pandemiya dövründə qaçqın statusu əldə etmək üçün müraciətlər dayandırılmayıb. Sığınacaq axtaran şəxslərin müraciətlərinə baxılması təxirə salınıb və onlara ölkə ərazisində qalmaq üçün verilən icazələrin müddəti uzadılıb. COVID-19-dan əvvəl qaçqın statusunun verilməsindən imtina edilən şəxslərin ölkədən çıxması tələb olunmayıb və ya onlar məcburi şəkildə saxlama mərkəzlərinə yerləşdirilməyib.

Qaçqınların və sığınacaq axtaran şəxslərin sosial ehtiyaclarını təmin etməsinin çətinliyi nəzərə alınaraq, Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaş cəmiyyəti institutları, o cümlədən “Miqrasiya Könüllüləri” İctimai Birliyi və digər iştirakçılarla birgə davamlı olan sosial yardım layihələrinin həyata keçirilməsinə başlanılıb. Həssas kateqoriyadan olan insanlara göstərilən yardımlar ölkəmizdə yaşanan həmrəyliyi və tolerantlığı bir daha nümayiş etdirib. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında qaçqınlar və sığınacaq axtaran şəxslər üçün tibbi yardım pulsuzdur. Bu qəbildən olan insanların hər hansı digər ehtiyacları yarandıqda, Dövlət Miqrasiya Xidməti digər aidiyyəti dövlət orqanları ilə bu məsələləri əlaqələndirir.

Beynəlxalq Əmək Təşkilatı 2020-ci il aprelin 30-da COVID-19 pandemiyası dövründə əməkçi miqrantların hüquqlarının qorunmasına dair tövsiyələrini açıqlayıb. Sənəddə əməkçi miqrantların ən həssas kateqoriyaya aid olduğu göstərilərək onların düzgün məlumatlandırılması, ərzaq təhlükəsizliyinin təminatı, səhiyyə xidmətlərindən bərabər istifadə hüququnun tanınması bildirilib, miqrantlara qarşı ayrı-seçkiliyin və ksenofobiyanın artması, işdən qovulma, eləcə də ölkə hüdudlarından kənara çıxarma hallarına xüsusi diqqət yetirilməsi tövsiyə olunub.

Azərbaycanda əməkçi miqrantlar işəgötürənlər tərəfindən alınmış iş icazələri əsasında işləyirlər. Müqayisə üçün qeyd edilməlidir ki, 2020-ci ilin ilk altı ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə iş icazələrinin alınmasında 16 faiz azalma müşahidə olunub. Azərbaycanda xüsusi karantin rejiminin tələbləri çərçivəsində bir sıra müəssisələrin fəaliyyətini müvəqqəti dayandırdığı və giriş-çıxışa tətbiq edilən məhdudiyyətin beş aydan çox davam etdiyi nəzərə alındıqda, bu göstəricinin yaxşı hesab oluna biləcəyi qənaəti formalaşır. Hazırda iş icazəsi əldə edən əməkçi miqrantlar yerli əmək ehtiyatlarının iddia etmədiyi vəzifələri tutan və əsasən əvvəlki illərdə bu icazə ilə təmin olunan və müddətin uzadılması üçün müraciət edən şəxslərdir. İş icazələri ilə bağlı hazırkı dinamika göstərir ki, mövcud pandemiya vəziyyətində ölkənin sosial-iqtisadi stabilliyinin qorunması üçün məhz dövlət tərəfindən görülmüş adekvat tədbirlər nəticəsində iqtisadi fəaliyyətdə dinamika saxlanılıb, bu isə əcnəbilərin, müqayisəli baxıldıqda məhdud sayda işdən çıxarılması ilə nəticələnib. Belə halların məhdudluğuna təsir edən digər bir mühüm amil isə ölkədə mövcud olan səmərəli dövlət-özəl sektor tərəfdaşlığıdır. Bundan başqa, əmək müqaviləsinin müddəti uzadılmayan və ölkədə yaşama icazəsinin müddəti bitən əməkçi miqrantların və onların ailə üzvlərinin ölkədən kənara çıxarılması və ya onların qanunsuz miqrant statusuna düşməsi halı mövcud deyildir. Belə ki, Xidmət tərəfindən həmin əcnəbilərin ölkədə olma müddətinin uzadılması təmin edilib.

Bu dövrdə hətta qanunsuz əmək fəaliyyəti ilə məşğul olması faktı müəyyənləşdirilmiş miqrantlar barəsində ölkə hüdudlarından kənara çıxarma tətbiq edilməyib, onların ölkədə yaşaması və statuslarının leqallaşdırılması üçün imkan yaradılıb. Pandemiya dünyada qanunsuz miqrantların vəziyyətini daha da ağırlaşdırmaqla bərabər, dövlətləri də görüləcək tədbirlər barədə seçim etməyə məcbur edib. Qanunsuz miqrantların saxlanılması mərkəzlərində vəziyyətə nəzarət etmək, orada yerləşdirilmiş miqrantların virusa yoluxmasının qarşısını almaq prioritet məsələlərdən olub. Pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı dəqiq məlumat olmadığı üçün dövlətlərin qanunsuz miqrasiya ilə bağlı tədbirlər sahəsində dayanıqlı siyasət formalaşdırması da çətinləşib. Dövlətlər miqrasiya ilə bağlı tutulmanı və saxlama mərkəzlərində yerləşdirilməni dayandırmaq və ya bu tədbirləri davam etdirmək kimi iki əsas seçim qarşısında qalıblar. Əslində, pandemiya ortaya çıxmazdan təxminən bir il öncə BMT-yə üzv 152 dövlət tərəfindən qəbul edilən “Təhlükəsiz, Nizamlı və Tənzimlənən Miqrasiya üzrə Qlobal Kompakt”ın hədəflərindən biri kimi miqrasiya ilə bağlı saxlanılmanın sonuncu mümkün vasitə olaraq istifadəsi, saxlama mərkəzlərinə alternativlərin axtarılması müəyyənləşdirilmişdi. Buna uyğun olaraq, 2020-ci il aprelin 28-də BMT-nin Uşaqlara Yardım Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Saxlama Koalisiyası tərəfindən birgə rəhbərlik edilən Saxlamaya Alternativlər üzrə İşçi Qrup COVID-19 dövründə miqrasiya nəzarəti ilə bağlı dövlətlərə praktiki tövsiyələrini açıqlayıb. Sənəddə saxlama mərkəzlərinə yeni miqrantların yerləşdirilməsinin dayandırılması, saxlama mərkəzlərində olanların azad edilməsi və onların alternativ yerlərdə yerləşdirilməsi, qanunsuz miqrantların leqallaşdırılması, saxlama mərkəzlərində şəraitin yaxşılaşdırılması kimi tövsiyələr əksini tapıb. Pandemiya dövründə heç də bütün ölkələrdə qanunsuz miqrasiyaya qarşı tədbirlər dayandırılmayıb, hətta kollektiv surətdə çıxarılmalar da daxil olmaqla məcburi kənara çıxarılmalar baş verib. Bütün bu tədbirlərə cavab olaraq, mayın 13-də BMT-nin Miqrasiya üzrə Şəbəkəsi Bəyannamə yayıb. Bəyannamə dövlətləri COVID-19 dövründə miqrantların məcburi qayıdışını dayandırmağa çağırıb.

Azərbaycan tövsiyələr və Bəyannamə açıqlanmadan çox öncə (mart ayında) beynəlxalq hüquqi öhdəliklərinə və miqrasiya siyasətinin xarakterinə uyğun tədbirlər görüb. Belə ki, pandemiya dövründə ölkədə məcburi çıxarmalar və saxlama mərkəzlərinə məcburi yerləşdirilmələr dayandırılıb. Hazırda saxlama mərkəzlərində çox az sayda əcnəbi maddi imkanlarının zəifliyi səbəbindən öz müraciətləri əsasında qalmaqdadır. Həmçinin bu dövrdə heç bir əcnəbi barəsində kənara çıxarma növündə inzibati tənbeh seçilməyib, qanunsuz yaşayan hər bir miqrant müraciəti əsasında leqallaşdırılıb. Qeyd edilməlidir ki, saxlama mərkəzlərində olan heç bir əcnəbidə COVID-19 aşkar edilməyib. Həmçinin mərkəzlərdə miqrantların səhiyyə xidmətlərindən yararlanması, ərzaqla təmini, eləcə də dezinfeksiya işləri ilə əlaqədar hər hansı çətinlik və ləngimə olmayıb.

Yaranmış mövcud vəziyyət bir daha mənşə və təyinat ölkələri arasında sıx əməkdaşlığın önəmini açıq şəkildə göstərib. Belə ki, istər digər ölkələrdə olan Azərbaycan vətəndaşlarının Vətənə geri qayıdışının təşkilində, istərsə də Azərbaycan Respublikasında qalan əcnəbilərin öz ölkələrinə yola salınması prosesində operativ əlaqələndirmənin təminində diplomatik nümayəndəliklərlə, eləcə də xarici ölkələrin müvafiq orqanları ilə tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edib. Ümumən beynəlxalq tərəfdaşlığın əhəmiyyəti və dövlətlər arasında əlaqələndirmə, məlumat və ən yaxşı təcrübələrin mübadiləsi zəruriliyinə ehtiyac bir daha ortaya çıxıb. Bu istiqamətdə Azərbaycan qlobal təşəbbüskar rolunda çıxış edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşləri keçirilib. Bununla yanaşı, Qoşulmama Hərəkatının sədri qismində dövlətimizin başçısı koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Qeyd olunmalıdır ki, sonuncu təşəbbüs dünyanın 130-dək ölkəsi tərəfindən bəyənilib. Zirvə Görüşündən irəli gələn məsələlərin müzakirəsi məqsədilə mayın 7-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv və müşahidəçi dövlətlərin miqrasiya orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin videokonfrans vasitəsilə iclası keçirilib. İclasda üzv və müşahidəçi dövlətlərin ərazisində olan və yaşayan əcnəbilər üçün mövcud vəziyyətlə əlaqədar miqrasiya qanunvericiliyi baxımından hər hansı narahatlıq yaranmamasına əminlik ifadə olunub. Eyni zamanda, Şuraya üzv və müşahidəçi dövlətlər arasında miqrasiya sahəsində əməkdaşlığın genişlənməsi məqsədilə Azərbaycan tərəfindən işçi qrup yaradılması təşəbbüsü irəli sürülüb və yekdilliklə dəstəklənib. İşçi qrup artıq yaradılıb və avqustun 7-də ilk iclasını keçirib.

Ümumən bu dövrdə miqrasiya sahəsində beynəlxalq tərəfdaşlığın əsas məqsədi öz ölkələrinə geri qayıdan əcnəbilər barədə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və konsulluqların vaxtında Dövlət Miqrasiya Xidmətini məlumatlandırması, dövlət sərhədinin buraxılış məntəqələrində yarana biləcək hər hansı gecikmələrin və vaxt itkisinin qarşısının alınması, əcnəbilərin təqdim olunan imkanlardan sürətli istifadə edərək öz ölkələrinə rahat qayıda bilmələri üçün şəraitin yaradılması olub.

Demək olar ki, dünyada nüfuzlu bütün beyin mərkəzləri, beynəlxalq təşkilatlar və ekspertlər COVID-19 aktual olduğu dövr üçün daha mühafizəkar miqrasiya siyasəti proqnozlaşdırır. Eyni zamanda, ayrı-seçkiliyin və ksenofobiyanın artması ilə bağlı xəbərdarlıqlar da az deyil. Dünyada qanuni miqrasiya yollarının məhdudlaşdırılması qanunsuz miqrasiyaya, insan alveri və miqrant qaçaqçılığının artmasına yol aça bilər. Avropa Universiteti İnstitutunun Miqrasiya Siyasəti Mərkəzinin cari ilin mayında dərc etdiyi araşdırmasında sərhədlərin bağlanması və miqrasiya ilə bağlı digər məhdudiyyətlər fonunda qanunsuz miqrasiya, miqrant qaçaqçılığı və insan alveri ilə məşğul olan şəbəkələrin fəaliyyətinin dəyişən şərtlərə adaptasiya oluna biləcəyi, həmçinin miqrantların və sığınacaq axtaran şəxslərin daha çətin vəziyyətə düşə biləcəyi qeyd edilir.

Dövlət Miqrasiya Xidməti tərəfindən bundan sonra da mövcud vəziyyətə uyğun, sübutlara əsaslanan və operativ qərarların qəbul edilməsi üçün miqrasiyanın müxtəlif sahələri üzrə təhlillər aparılacaq, dünya dövlətlərinin təcrübəsi və beynəlxalq tövsiyələr nəzərə alınmaqla, eləcə də əhalinin sağlamlığı prioritet sayılmaqla ölkə ərazisində olan miqrantların öz hüquq və azadlıqlarından rahat şəkildə faydalanmaları üçün tədbirlər görüləcək.

Sonda əminliklə deyə bilərik ki, Azərbaycanda miqrasiya orqanları pandemiyaya hazırlıqsız deyildi və bu da əcnəbilərin hüquqi vəziyyətində yarana biləcək qeyri-müəyyənliyin və onların ağır vəziyyətə düşməsinin qarşısını alıb. Azərbaycan Respublikasında COVID-19 pandemiyası dövründə miqrasiya orqanları tərəfindən görülən tədbirlər miqrantların hüquq və azadlıqlarının müdafiəsini diqqət mərkəzində saxlamaqla, şəffaf, beynəlxalq hüquqi öhdəliklərə sadiq və ölkənin inkişaf prioritetləri ilə uzlaşdırılmış qaydada, milli maraqlar əsas götürülməklə həyata keçirilib və bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur