“Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda onlayn mətbuat konfransı keçirilir
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda onlayn mətbuat konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında pandemiya dövründə Ədliyyə Nazirliyi tərəfindən görülən tədbirlər müzakirə olunur.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, mətbuat konfransının məqsədi pandemiya dövründə ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması, ölkədə qlobal pandemiyaya qarşı görülən işlər, Ədliyyə nazirinin 2020-ci il 17 mart tarixli “Koronavirus (COVID-19) infeksiyasına qarşı ədliyyə və məhkəmə orqanlarında mübarizənin gücləndirilməsi barədə” əmri, nazirliyin qurumlarında və məhkəmələrdə dezinfeksiya, profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi barədə məlumatın verilməsidir.
Mətbuat konfransında penitensiar müəssisələrdə görülən tədbirlər, monitorinq qrupunun yaradılması, məhkumların sağlamlığına, qida və digər təminatlarına gündəlik nəzarət edilməsi, məhkumların vaxtından əvvəl şərti azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqinin davamlı xarakter alması, əfv komissiyasının videokonfrans vasitəsilə fəaliyyəti, Prezident İlham Əliyevin bu il aprelin 6-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı və onun icrası ilə bağlı məsələlər müzakirə ediləcək.