PARİSDƏ “AZƏRBAYCAN: BİZNES VƏ SƏRMAYƏ İMKANLARI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova çıxışında Avropa dövlətləri ilə ölkəmiz arasında tarixən mövcud olmuş ticarət və mədəni əlaqələr, hazırda respublikamızdakı siyasi durum, iqtisadi və mədəni mühit, ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərə toxunmuş, respublikamızın iqtisadi siyasətində xarici şirkətlərlə əməkdaşlığa xüsusi yer verildiyini vurğulamışdır.
Səfirliyin iqtisadi məsələlər üzrə müşaviri İsrafil Əhmədov müstəqillik əldə edildikdən sonra Azərbaycan hökumətinin ölkənin iqtisadiyyatının bərpası və bazar iqtisadiyyatına keçidlə bağlı apardığı islahatlardan, qanun quruculuğundan bəhs etmiş, iqtisadi inkişaf proqramlarında və ölkənin qeyri-neft sektorunun inkişafı mərhələsində xarici sərmayədarlara böyük əhəmiyyət verildiyini bildirmiş, bütün sahələrdə inkişaf göstəricilərinə dair konkret misallar gətirmişdir.
Axırda iştirakçıların çoxsaylı suallarına ətraflı cavablar verilmişdir.
Seminarda Fransa-Azərbaycan Ticarət Palatasının fəxri prezidenti, Fransa xarici işlər nazirliyinin keçmiş baş katibi, səfir Serj Buadve, qurumun üzvləri və diasporun nümayəndələri iştirak etmişlər.