PAYTAXTIN ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ ARASINDA BİRLİK KUBOKUNUN FİNAL MƏRHƏLƏSİ KEÇİRİLİR
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Gəncliyə Yardım Fondunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtın ali təhsil müəssisələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Birlik kubokunun final mərhələsinə start verilmişdir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirmişdir ki, yarışın keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onların intellektual səviyyəsinin, zehni inkişafının təmin edilməsi, intellektual oyunların tələbələr arasında təbliğ olunması, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkilində yeni üsulların təbliğ edilməsidir.
R.Abbasov qeyd etmişdir ki, ölkəmizdə gənclərin sağlam və vətənpərvərlik ruhunda böyüməsi, elmi biliklərə yiyələnməsi istiqamətində dövlət səviyyəsində ardıcıl tədbirlər görülür. Bu mənada Azərbaycan gəncliyinə böyük ümidlər bəsləndiyini deyən idarə rəisi vurğulamışdır ki, hər bir dövlət həmçinin özünün bilikli və intellektli insanları ilə güclü olur. O, gənclərimiz arasında böyük maraq doğuran belə bilik yarışmasının keçirilməsinə görə Gənclər və İdman Nazirliyinə, eləcə də, Gəncliyə Yardım Fonduna minnətdarlığını ifadə etmişdir.
Tədbirdə çıxış edən natiqlər bu zəka yarışında komandalara uğurlar diləmiş, onlara beynəlxalq miqyasda ölkəmizi yayiqincə təmsil etmələrini arzulamışlar.
Final mərhələsinə 18 ali təhsil müəssisəsinin komandaları vəsiqə qazanmışlar. Üç turdan ibarət intellektual oyunda komandaların hər birinə 12 sual veriləcəkdir.
Birlik kubokunda ilk üç yeri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.