Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub
Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 8-də Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti və Bakı Patologiya Mərkəzinin birgə təşkilatçılığı ilə paytaxtın Yasamal rayonunun kommunal təsərrüfatı sahəsində çalışan qadınlar üçün ödənişsiz skrinninq aksiyası keçirilib.
Milli Onkologiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, skrinninqdə 400-ə yaxın qadın iştirak edib.
Qeyd edək ki, erkən diaqnostika bir çox onkoloji xəstəliklərin qarşısının alınmasında və uğurlu müalicəsində həlledici rol oynayır. Qadın sağlamlığının qorunmasına yönəlmiş bu təşəbbüsün məqsədi profilaktik müayinələrin əhəmiyyətini artırmaq və sağlam gələcəyə töhfə verməkdir.