PAYTAXTIN YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ KÜÇƏSİNDƏ TÖRƏDİLMİŞ DƏHŞƏTLİ QƏTL HADİSƏSİNİN ÜSTÜ AÇILMIŞDIR
Xəbər verildiyi kimi, aprelin 15-i saat 8 radələrində paytaxtın Yusif Vəzir Çəmənzəminli küçəsindəki yeni istifadəyə verilmiş 9 nömrəli yaşayış binasının 26-cı mənzilində Bakı şəhər şakinləri Ofelya Abbasova, onun qızları Sevinc və Xanım, eləcə də 8 yaşlı nəvəsi Fəridin kəsici-deşici alətlərlə qətlə yetirilmiş və müxtəlif dərəcəli yanmaya məruz qalmış meyitləri aşkar edilmişdir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, fakt üzrə dərhal Bakı Şəhər Prokurorluğunda cinayət işi qaldırılmış və bu dəhşətli hadisəni törətmiş cinayətkarın tezliklə müəyyən edilərək yaxalanması üçün peşəkar əməkdaşlardan ibarət əməliyyat-istintaq qrupu yaradılmışdır.
Nazirliyin Cinayət-Axtarış Baş İdarəsi, Bakı Şəhər Prokurorluğu, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz və davamlı əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətmiş şəxsin Yardımlı rayon sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Nuriyev olması müəyyən edilmiş və o, aprelin 17-də Yardımlı rayonunun ərazisində yaxalanmışdır.
Təqsirləndirilən şəxs qismində dindirilən N.Nuriyev qətli tamah məqsədi ilə törətdiyini etiraf etmişdir.
Müəyyən edilmişdir ki, Bakı şəhərində fərdi fəhləliklə məşğul olan Niyaməddin Nuriyev Abbasovlar ailəsi ilə tanış olaraq onların evində təmir işləri aparmışdır. Bu zaman ailənin kiçik qızı, 29 yaşlı Sevinclə aralarında yaxın münasibətlər yaranmışdır. Qatil mütəmadi olaraq həmin mənzildə gecələmiş, ailə üzvlərinin ev alqı-satqısı ilə məşğul olduqlarını və bu yolla külli miqdarda pul qazandıqlarını öyrənmişdir. Əvvəlcədən planlaşdırdığı cinayəti həyata keçirmək məqsədi ilə aprelin 14-də həmin mənzilə gələn Niyaməddin Nuriyev gecə saat 3.00 radələrində yuxudan qalxaraq özü ilə gətirib gizlətdiyi dəmir parçası ilə Abbasovlara ölümsüz zərbələr endirmiş, sonra isə öldüklərinə əmin olmaq üçün mətbəxdən götürdüyü bıçaqla onlara ardıcıl zərbələr vurmuşdur. Cinayətkar evi qarət etdikdən sonra cinayətin izlərini itirmək məqsədi ilə yanğın törədərək hadisə yerindən uzaqlaşmışdır.
Qatilin cinayət yolu ilə əldə etdiyi 40 min ABŞ dolları və 10 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları Yardımlı rayonunun Jiy kəndindəki evlərindən, onun qanlı paltarı isə kəndə gedən yolun kənarındakı kolluqdan götürülmüşdür.
Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.