PEKİN YAY OLİMPİYA OYUNLARININ QALİBLƏRİ OLAN CÜDOÇULAR MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də “Hyatt Park” mehmanxanasında Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Füzuli Ələkbərov Pekin Olimpiadasında medal qazanmış cüdoçularla görüş keçirmişdir.
ACF-nin prezidenti vurğulamışdır ki, Pekin Olimpiadasında Azərbaycanın idman tarixinə yeni parlaq səhifə yazmış cüdoçularımız - Elnur Məmmədli və Mövlud Mirəliyev bu idman növünün gənclər tərəfindən daha da sevilməsinə təkan vermişlər.
Azərbaycan cüdoçularının ötən dövr ərzində dünya, Avropa və digər beynəlxalq yarışlarda qazandıqları uğurlardan söz açan F.Ələkbərov demişdir ki, bundan sonra da ölkəmizdə bu idman növünün inkişafı istiqamətində ciddi işlər görüləcəkdir.
Diqqətə çatdırılmışdır ki, XXIX Yay Olimpiya oyunlarının nəticələrinə görə, Azərbaycan Avropa ölkələri arasında 20-ci, İslam ölkələri arasında isə 3-cü olmuşdur. İslam ölkələrinin idmançıları arasında ilk qızıl medalı Azərbaycan cüdoçusu qazanmışdır. Bütün bunlar deməyə əsas verir ki, Pekin Olimpiadası Azərbaycan idmançıları üçün uğurlu olmuşdur.
Bildirilmişdir ki, Azərbaycanın ev sahibliyi ilə Bakıda oktyabrın 11-12-də keçiriləcək cüdo üzrə beynəlxalq turnirə federasiya ciddi hazırlaşır.
Sonda ACF tərəfindən Pekin Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədli, 3-cü yerin sahibi Mövlud Mirəliyev və onların məşqçilərinə pul mükafatı təqdim edilmişdir.