Pekinin populyar turizm məkanları yenidən ziyarətçi qəbuluna başlayır
Pekin, 30 aprel, AZƏRTAC
Çində yeni növ koronavirus (COVID-19) epidemiyası ilə əlaqədar yanvar ayından bağlı olan Pekinin populyar turizm məkanları, muzeylər, qalereyalar mayın 1-dən etibarən ziyarətçi qəbuluna başlayacaq.
AZƏRTAC xəbər verir ki, hökumətin infeksiyanın yayılmasına qarşı həyata keçirdiyi tədbirlər, o cümlədən paytaxt da daxil olmaqla tətbiq olunmuş ciddi karantin rejimi, habelə vətəndaşların özünütəcrid, sosial məsafə və fərdi gigiyena qaydalarına riayət etməsi nəticəsində ölkədə epidemioloji vəziyyət xeyli yaxşılaşıb. Bu da öz növbəsində bütün sahələrdə fəaliyyətin bərpasına imkan yaradıb. Pekindəki Paytaxt muzeyi və bu il 600 illiyi tamam olan İmperator sarayı ("Qadağan olunmuş şəhər" və ya Saray muzeyi) mayın 1-də ölkədə qeyd olunan Əmək bayramı günündən etibarən ziyarətçilər üçün açıq olacaq. Turistlər biletləri əvvəlcədən onlayn qaydada almalı, muzeylərə girərkən maska taxmaları, sağlamlıq haqqında elektron arayış təqdim etməlidirlər. Bədən hərarəti 37,3 dərəcədən çox olanlar, habelə xəstəlik əlamətləri olanlar turizm obyektlərinə buraxılmayacaqlar. Paytaxt muzeyində ilkin mərhələdə gündəlik ziyarətçi limiti 3 min, Saray muzeyində isə 5 min nəfər müəyyən edilib.
Pekin şəhər hökumətinin mədəniyyət və turizm bürosu Çin Paytaxt Kitabxanasının, Pekin İncəsənət Akademiyasının İncəsənət muzeyinin də mayın 1-dən fəaliyyətini bərpa edəcəyini açıqlayıb.
Qeyd edək ki, Çin paytaxtında COVID-19 epidemiyası ilə əlaqədar yanvarın sonlarında elan olunmuş ictimai səhiyyə sahəsində ən yuxarı fövqəladə hazırlıq dərəcəsi aprelin 30-da bir pillə aşağı endirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin