Peşə Təhsili üzrə Dövlət Agentliyinin komandası intellektual yarışda birinci yeri tutub
Bakı, 7 may, AZƏRTAC
Təhsil Nazirliyinin əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, on doqquz komandanın iştirak etdiyi yarış hər birində 10 sual olmaqla 3 turdan ibarət olub. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda birinci yeri Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin “VET” komandası, ikinci yeri beynəlxalq əməkdaşlıq şöbəsinin “Böyük altılıq” komandası, üçüncü yeri isə təhsilin inkişafı proqramları şöbəsinin “Qartal” komandası tutub.
Qalibləri təbrik edən təhsil naziri Ceyhun Bayramov kollektiv arasında belə intellektual yarışların təşkil olunmasının əhəmiyyətini vurğulayıb.
Qalib komandalara diplom və kuboklar təqdim olunub.