Peşəkar mühasib sertifikatı üzrə elektron sınaq imtahanına qeydiyyat elan olunub
Bakı, 14 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 27-də peşəkar mühasib sertifikatı imtahanının I və II mərhələsi üzrə elektron formada sınaq imtahanı keçirəcək. İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda təşkil olunacaq.
DİM-dən AZƏRTAC-a bildirilib ki, sınaq imtahanında iştirak etmək istəyənlər 14 aprel saat 17:00-dan 21 aprel saat 11:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
İmtahan vermək istəyən şəxslərin DİM-in internet saytında “Şəxsi kabinet”i olmalıdır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) manatdır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilib).
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub qeydiyyatdan keçmək lazımdır.
İmtahana buraxılış vərəqəsi imtahandan 4-5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək.