İDMAN
Petar Qorsa: İnanıram ki, atıcılıq idmanında Azərbaycanın böyük gələcəyi var
Bakı, 22 iyun, Əziz Məmmədov, AZƏRTAC
Təəssüf ki, birinci Avropa Oyunlarının çempionu ola bilmədim. Düşünürəm ki, bunun üçün bir qədər də bəxt lazımdır. Bununla belə, ilk Avropa Oyunlarının gümüş mükafatçısı olmaq çox yaxşı nəticədir.
Bu sözləri kişilər arasında 50 metrlik məsafədən üç vəziyyətdə (diz üstündə, uzanaraq, ayaq üstdə) kiçikçaplı tüfəngdən atəşaçma idmanında birinci Avropa Oyunlarının gümüş medalının sahibi Xorvatiya idmançısı Petar Qorsa AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Xorvatiya atleti, həmçinin Bakı haqqında və Avropa Oyunlarının təşkili barədə öz təəssüratlarını bölüşüb: “Azərbaycan, o cümlədən xalqınız mənim çox xoşuma gəldi. Ölkənizin paytaxtında mən göydələnlər və qeyri-adi binalar gördüm. Bununla yanaşı, Bakıda tarixi abidələr və arxitektura şedevrləri qorunub saxlanılır. Azərbaycan Avropa Oyunlarına ən yüksək səviyyədə hazırlaşıb. İdman kompleksləri, xüsusilə də Bakı Atıcılıq Mərkəzi məni valeh edib. Atletlər Kəndində idmançılar üçün ideal şərait yaradılıb. İnanıram ki, belə güclü idman infrastrukturu olan Azərbaycanın atıcılıq idmanında böyük gələcəyi var”.