PİRQULUDA - DAĞLAR QOYNUNDA “AİLƏ BAYRAMI” KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri Şamaxı rayonundakı Pirqulu istirahət zonasında Beynəlxalq Ailə günü münasibətilə “Ailə bayramı” keçirmişlər.
Ümummmilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş tədbiri Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq, müstəqil Azərbaycanda dövlət ailə siyasətindən danışmışdır. Diqqətə çatdırılmışdır ki, bu siyasətin əsas prinsiplərinin formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin müəyyənləşdirdiyi dövlət ailə siyasətinin əsasını ənənə ilə müasirlik təşkil edir və bu prinsiplər Konstitusiyamızda təsbit olunmuşdur.
Tədbirin əhəmiyyətindən danışan AQUPDK-nın sədri Hicran Hüseynova bildirmişdir ki, Beynəlxalq Ailə günü ailənin ictimai statusunun artırılması, milli ailə dəyərlərinin qorunub saxlanılması və möhkəmləndirilməsi, gənc ailələrə yüksək mənəvi dəyərlərin aşılanması, ailə daxili və nəsildaxili əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə qeyd edilir.
Hicran Hüseynova ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ailə siyasətinin ölkədə bu gün də məqsədyönlü surətdə həyata keçirildiyini söyləmişdir. Komitə sədrinin sözlərinə görə, hazırda Azərbaycanda bir milyon səkkiz yüz otuz bir min ailə yaşayır. Əgər rəqəmlərə müraciət etsək, görərik ki, nikahların sayı ildən-ilə artır, boşanmaların sayı isə azalır. Bu çox sevindirici göstəricidir.
Milli Məclisin deputatı Qənirə Paşayeva ailədə milli mənəvi dəyərlərin qorunmasının vacibliyini bildirmişdir.
Tədbirdə “Kulinariya”, “Əl işləri”, “Çoxuşaqlı ailə”, “Uzunömürlü ailə”, “Yaradıcı ailə”, “Bədii qiraət”, “Gözəl milli geyim” nominasiyaları üzrə respublikanın bölgələrində keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılmışdır. “Biz mehriban ailəyik” fotomüsabiqəsinin qaliblərinə də mükafatlar verilmişdir. Eyni zamanda AQUPDK, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan ofisi, “Açıq Cəmiyyət” İnstitutunun Gender Bərabərliyi və Qadın Təşəbbüsü İctimai Birliyi tərəfindən mətbuatda “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilmiş ümumrespublika müsabiqəsinin qalibləri də mükafatlar aldılar.
“Ailə bayramı” 10 uşaq tərbiyə etmiş Narıngül nənə və Şahalı baba üçün ikiqat əlamətdar olmuşdur. Tədbir çərçivəsində onların “brilyant toyu” çalınmışdır. Bayramın daha əlamətdar hadisələrindən biri də iki gəncin - Aynur Abdullayeva və Pərvin Şahidovun nikahlarının kəsilməsi olmuşdur. Hər iki cütlüyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
“Ailə bayramı” səfalı dağlar qoynunda maraqlı konsert proqramı ilə davam etdirilmişdir.