POLŞANIN MÜDAFİƏ NAZİRİ ŞİMAL-AVROPA QAZ KƏMƏRİNİ MOLOTOV-RİBBENTROP PAKTI İLƏ MÜQAYİSƏ ETMİŞDİR
O, Brüsseldə məruzə edərək bildirmişdir ki, Almaniya ilə Rusiya arasında imzalanmış saziş xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Avropa İttifaqının üzvü olan ölkələrin inteqrasiyasına əsla uyğun gəlmir. “Əvvəlcə qərar qəbul etməyi, sonra isə bizimlə məsləhətləşməyi həmrəylik adlandırmaq olmaz”. Onun fikrincə, Almaniya əvvəlcə Polşa ilə məsləhətləşməli idi.
Sikorski qeyd etmişdir ki, “Polşa ondan gizlicə bağlanılan sövdələşmələrə ağrı ilə yanaşır. Lokarno ənənəsi və Molotov-Ribbentrop paktı da belə olmuşdur”. O, qaz kəmərinin Polşadan yan keçməsinin Varşavanı narahat etməsinin səbəbini açıqlamışdır. Onun sözlərinə görə, keçən həftə Rusiyanın Belarusdakı səfiri bəyan etmişdir ki, ŞAQK fəaliyyətə başladıqdan sonra “Qazprom” Almaniyaya verilən qazın həcmini azaltmamaq üçün belarusları xəttdən ayıracaqdır”. Nazir gileylənmişdir ki, “Belarusun xəttdən ayrılması Polşanın da qazdan məhrum edilməsi deməkdir”.
Sikorski bundan ehtiyatlanır ki, yeni qaz kəməri istifadəyə verildikdən sonra Rusiya Polşaya siyasi təzyiq alətinə malik olacaqdır.
Baltik dənizinin dibi ilə çəkiləcək və Kalininqrad vilayətinə, Finlandiya, İsveç, Niderland və Böyük Britaniyaya qolları olacaq ŞAQK-nin tikintisini 2010-cu ildə başa çatdırmaq planlaşdırılır. Layihəyə yatırılacaq sərmayənin ümumi məbləği 4 milyard avrodan artıq olacaqdır.
Xatırladaq ki, 1925-ci il tarixli Lokarno müqavilələri Almaniyanın qərb sərhədlərinə aid idi və 1919-cu il Versal müqaviləsinə uyğun olaraq, Almaniya-Fransa və Almaniya-Belçika sərhədlərinin toxunulmazlığını müəyyən edirdi. Almaniya ilə SSRİ arasında hücum etməmək haqqında 1939-cu il Molotov-Ribbentrop paktına isə Şərqi Avropada tərəflərin nüfuz sahələrinin müəyyən edilməsinə dair məxfi əlavə protokol daxil idi.