Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB VİDEO

Zəngilan, 10 may, AZƏRTAC

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Bu gün Zəngilan sakinləri üçün çox gözəl, əlamətdar bir gündür. Uzun fasilədən sonra siz doğma vətənə - Zəngilan şəhərinə qayıdırsınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır. Onun fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz müstəqilliyini qoruya bilmişdir. Bildiyiniz kimi, yaşlı nəsil o illəri yaxşı xatırlayır - 1993-cü ildə nəinki ərazi bütövlüyümüz, müstəqilliyimiz təhlükə altında idi. O vaxt ölkəmizə rəhbərlik etmiş şəxslər ölkəmizi fəlakətə aparırdılar. Həm torpaqlarımızın işğal altına düşməsi, Şuşanın, Laçının, Kəlbəcərin erməni işğalına məruz qalması, daxili çəkişmələr, özbaşınalıq, anarxiya və ovaxtkı hakimiyyətin təxribatçı və xəyanətkar fəaliyyəti nəticəsində vətəndaş müharibəsinin başlanması – gənc müstəqil dövlətimiz olan Azərbaycan faktiki olaraq parçalanma ərəfəsində idi. O vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitlik yaradıldı, inkişaf başlandı və yavaş-yavaş ordu quruculuğu da artıq getməyə başladı. Onun Azərbaycana gəlməsindən əvvəl faktiki olaraq nizami ordumuz yox idi və Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimiz məhz buna görə idi. O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən o namərd, xain bu gün də orada-burada sülənir. Amma o vaxt dərdimiz onda idi ki, onun kimi adamlar Azərbaycanın əsas vəzifələrini zəbt etmişdilər. Heç bir biliyi, bacarığı, iş təcrübəsi olmayan, küçədən keçən insanlar birinci, ikinci, üçüncü, dördüncü şəxs təyin olunmuşdular. Ordumuz faktiki olaraq quldurların əlində idi.

Bütün bu mənfi meyillərin qabağını almaq, o cümlədən o vaxt müxtəlif qanunsuz silahlı birləşmələri yerinə oturtmaq üçün güclü siyasi iradə və xalqın dəstəyi lazım idi. Hər ikisi də var idi. Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik. İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər.

Bunların qabağında güclü iradə göstərmək, bunların qabağında demək ki, biz öldü var, döndü yoxdur, yolumuzdan dönməyəcəyik, əlbəttə ki, böyük iradə tələb edirdi. Yenə də 1993-cü ildəki kimi, xalqın dəstəyi lazım idi. O dəstək var idi və bütün xalqımız bir yumruq kimi birləşmişdi. O, mənə güc verirdi. İşin sonuna qədər - Şuşanın azad olunmasına qədər biz dayanmaq fikrində deyildik.

Təbii ki, o vaxt müharibənin davam etdirilməsi məqsədəuyğun deyildi və sonrakı hadisələr bunu əyani şəkildə göstərdi. Şuşanın işğaldan azad olunması ilə faktiki olaraq Ermənistan ordusunun beli qırılmışdı. Ermənistan silahlı qüvvələri faktiki olaraq mühasirədə qalmışdı. O vaxt müharibənin dayandırılması bizə imkan verdi ki, qan tökülmədən Kəlbəcər, Laçın, Ağdam rayonlarını siyasi yollarla, faktiki olaraq ultimatum yolu ilə qaytara bilək. Ultimatum da ondan ibarət idi ki, əgər Ermənistan qısa müddət ərzində, faktiki olaraq bir ay, ondan da az müddət ərzində bu torpaqlardan çıxmasa, Qarabağda qalmış bütün erməni silahlı qüvvələri məhv ediləcək. Əmr də verilmişdi və 15 minlik erməni silahlı qüvvələrinin kontingenti məhv olunacaqdı. Məhz buna görə Ermənistan, yenə də deyirəm, bizim tələblərimizə uyğun Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxmışdı.

Burada heç bir başqa amil yox idi, heç bir kənar qüvvə onlara təzyiq etmirdi, ancaq bizim sərt mövqeyimiz. Nəzarətdən kənarda qalan hissə də gec-tez bizə qayıtmalı idi, amma o tez oldu, nəinki gec. Yenə də güclü iradə, peşəkarlıq və 2023-cü ilin sentyabrına qədər görülmüş taktiki işlər, addımlar, hərbi əməliyyatlar - bütün bunlar zəmin hazırladı ki, antiterror əməliyyatı cəmi bir neçə saat davam etsin. Ermənistan ordusu ikinci dəfə təslim oldu, separatçılığa son qoyuldu, işğala son qoyuldu və biz suverenliyimizi tam bərpa etdik.

Bütün bu şanlı tarix bizimlə əbədi olacaq. Təbii ki, bizim nəsil bunu heç vaxt unutmayacaq, gənc nəsil isə bunu bilməlidir - məktəblərdə, ailələrdə, cəmiyyətdə. Bu parlaq tariximiz bizim qürur mənbəyimizdir, bu, əbədi belə olacaq.

Əlbəttə ki, bir daha qayıdıram Ulu Öndərin siyasi mirasına. Həlledici məqam məhz 1993-cü ildə idi, oktyabr ayında Prezident vəzifəsinə seçiləndən sonra bütün o mənfi meyillərin qabağı alındı. Düzdür, o vaxt bizim imkanlarımız çox məhdud idi, çoxlu problemlər var idi, bir nömrəli problem məcburi köçkünlərin yaşayış şəraiti idi. Onu da biz tədricən həll etməyə başlamışdıq və artıq 2007-ci ildə çadır şəhərcikləri qalmamışdı, orada vaxtilə məskunlaşmış insanları biz evlərə, mənzillərə köçürdük. İşğal dövründə hər dəfə keçmiş köçkünlərlə dövlət xətti ilə yeni inşa edilmiş şəhərciklərdə görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti bir yerdir. Torpaqlar azad olunandan sonra sizin üçün daha gözəl şərait yaradılacaq. Bax, bu gün bu Zəngilan şəhərinin bu gözəl mənzərəsi o sözlərimi bir daha təsdiqləyir.

İşğalın fəsadlarını aradan qaldırmaq - bu da çox çətin bir prosesdir. Minalar, torpaqların demək olar ki, işğalçılar tərəfindən zəhərlənməsi, ekosid. Bax, bu Bəsitçay dünyaca məşhur olan bir qoruq idi. Deyilənə görə, bura dünyada ikinci ən böyük çinar ağaclarının bir yerdə olması və qədim çinar ağaclarının qoruğu idi. Demək olar ki, onun yarısını Ermənistan dövləti məhv edib. Bəzi ağacları yandırıb, bəzilərini də kəsib bazarlarda satıb. Ümumiyyətlə, bizim meşə fondunun 60 min hektarı vəhşi işğalçılar tərəfindən məhv edilmişdir. Onların əsas hissəsi Kəlbəcər, Laçın rayonlarındadır, amma Zəngilanda da var. Həm talançılıq, həm düşmənçilik, qəddarlıq, özü də heç bir əsası olmadan. Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməmişdir. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq.

Bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi. Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq.

Biz bizə məxsus olan torpaqlarımızı işğalçılardan qan tökərək azad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim bütün hərbçilərimiz, qəhrəman döyüşçülərimiz ən yüksək qiymətə layiqdir. Biz həm döyüş meydanında, həm siyasi müstəvidə həm iradə, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlər, ləyaqət göstərmişik. Məhz buna görə bu gün Azərbaycana əvvəlki dövrdə olan hörmət bəlkə də birə-on artdı.

Bu gün hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq mövqeləri, beynəlxalq nüfuzu nə qədər yüksək səviyyədədir. Bizə olan hörmət, rəğbət, xoş münasibət getdikcə daha da genişlənir. Bütün bunların səbəbi var. Əlbəttə ki, bizim ləyaqətli siyasətimiz, sözlə əməl arasındakı birlik və təbii ki, bizim hərbi qələbəmiz. Mən bunu dəfələrlə demişəm, bunu indi hər kəs görə bilir. Təkcə bunu görmək üçün tarixçi olmaq lazım deyil. Qısa müddət ərzində bizim qədər tam, mütləq, birmənalı qələbə qazanan ikinci ölkə olmamışdır. Özü də biz bu müharibəni bütün beynəlxalq humanitar normalara uyğun aparmışıq, Ermənistandan fərqli olaraq. Onlar bizim şəhərlərimizi, kəndlərimizi “İsgəndər-M”, “Skad” və digər ballistik uzaqmənzilli raketlərlə vururdular. Mülki əhaliyə qarşı müharibə aparırdılar həm Birinci Qarabağ müharibəsində, həm İkinci Qarabağ müharibəsində. Biz isə ermənilərə mənsub olan bir dənə də mülki obyekti dağıtmamışdıq.

Onlar Xocalı soyqırımını törətdilər. Biz isə onlar Qarabağdan Ermənistana gedəndə yolda polislər düzmüşdük ki, onlara çörək, su verək. Bax, fərq budur. Mən indi daha dərinə getmək istəmirəm, hər bir xalqda yaxşı və pis nümayəndələr var. Amma bütövlükdə götürəndə budur fərq. Zəngilanı yerlə-yeksan edən təkcə Ermənistan rəhbərləri deyildi, təkcə Qarabağ separatçıları deyildi. Demək olar ki, onların bütün əhalisi kütləvi surətdə gəlib talançılıqla məşğul idi. Hətta deyirdilər ki, gedirik talana. Yəni bu, onlarda bir qayda idi, bu, normal bir davranış idi. Yəni vəhşilik normal bir davranış idi - kim nə qədər çox daş oğurladı, kim nə qədər çərçivə çıxartdı, kim nə qədər dam örtüyü çıxartdı. Sonra aparıb həm İran bazarlarında, həm də Ermənistan bazarlarında satırdılar. Bax, fərq budur. Biz bunu edə bilərik? Bizim insanların heç ağlına gəlməz belə.

Ona görə bilirsiniz, yenə də deyirəm, bu gün dünyada bizə olan hörmətin bir çox səbəbləri var: həm qalib xalq kimi, həm müharibəni müharibə qanunlarına uyğun aparan xalq kimi, həm humanitar qaydalara riayət edən xalq kimi və qurub-yaradan xalq kimi. Yaxşı, 30 il bu Zəngilan onların əlində idi, daşı-daş üstə qoyardılar da əgər bu, onların torpağıdırsa. Zəngilanın o dağılmış məscidini biz konservasiya etmişik, orada da kiçik bir fotosərgi təşkil etmişik ki, heç kim unutmasın nə günə salmışdılar onlar bizim dini-tarixi abidələrimizi. Bu onların idisə, tikib qurardılar da. Cəmi beş il keçib, təkcə Zəngilan yox, görün, hər yerdə quruculuq işləri aparılır - yollar, körpülər, elektrik stansiyaları, su anbarları, köçkünlər üçün evlər, məktəblər tikilir. Bax, sahiblər belə edər. Talançı, işğalçı isə gələr sökər, dağıdar. Amma nə qədər söksələr də, yenə də bizim iradəmizi qıra bilmədilər. Biz qayıtmalı idik və qayıtmışıq bu torpaqların sahibləri kimi. İndi də qurub-yaradırıq, o cümlədən Zəngilan rayonunda. Bu, şəhərdə birinci yaşayış məhəlləsidir, hələ ikinci, üçüncü olacaq. Bu layihələrin bəziləri təsdiqləndi, bəziləri indi təsdiqlənəcək, inşaat gedəcək. Zəngilanda ermənilər tərəfindən dağıdılmış dediyim o məscidin yanında gözəl, bəlkə də ölkəmizin ən gözəl məscidlərindən biri olan Zəngilan məscidini inşa etdik. Zəngilanda, əslində, birinci yaşayış məntəqəsi qurulmuşdur, Ağalı kəndində. Bu da demək olar ki, Zəngilana xüsusi münasibətin əlaməti idi. İndi onun yanında Məmmədbəyli kəndi salınıbdır. Şəhər genişlənəcək.

Zəngilanda hava limanı, konqres mərkəzi fəaliyyət göstərir. Yenə də azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi - "Dost Aqropark" məhz Zəngilanda yaradılmışdır və mənə verilən məlumata görə, artıq o, öz hədəfinə çatır. Çünki hədəfi 10 min baş cins mal-qara idi, bu hədəfə artıq yaxındır, 6 min hektara yaxın torpaqda da işlər gedir.

Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik.

Dəmir yolu inşa edilir. Yaxın gələcəkdə - bəlkə də bir il, ilyarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq, necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. Faktiki olaraq buradan Naxçıvana 30 dəqiqəlik bir yol olacaq. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı bu coğrafi bağlantı ilə ölkəmizin əsas hissəsi ilə birləşdirəcəyik.

Eyni zamanda, İran sərhədində körpü demək olar ki, tikilib bizim təşəbbüsümüzlə və indi sərhəd-gömrük infrastrukturu, binalar tikilir. Yəqin ki, bir neçə aydan sonra o da açılışa hazır olacaq və bu, beynəlxalq nəqliyyat dəhlizi olacaq. Buradan keçən həm dəmir yolları, həm avtomobil yolları böyük xeyir gətirəcək. Çünki oraya xidmət edən insanlar işlə təmin olunacaqlar. Bunun Zəngilanın və bütövlükdə Azərbaycanın iqtisadiyyatına çox böyük töhfəsi olacaq.

Ermənistanla burada sərhəd açılandan, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq. Görün, bunun nə qədər böyük əhəmiyyəti var. Çünki bu, həm Şərq-Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal-Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə. Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz olacaq. Biz bunu belə görürük və belə də olacaq. Çünki bu günə qədər bütün planlarımız gerçəkləşib.

Azad olunmuş torpaqlarda görülən işlərlə bağlı biz həm tələsirdik, həm də hər şeyi düzgün etməyə çalışırdıq. Planlı şəkildə, strategiya əsasında ki, hər şey düz-əməlli olsun - həm insanların yaşayışı üçün, məşğulluğu üçün, təhsili üçün, eyni zamanda, ölkə iqtisadiyyatı üçün. Zəngilan rayonunda görün, beş il ərzində 42 meqavatlıq su elektrik stansiyaları tikilmişdi. Sovet vaxtında bu yox idi. İndi bu, Zəngilanı belə müstəqil şəkildə tam enerji ilə təmin edə biləcək, lap burada 200 min əhali yaşasa belə. Amma biz bütövlükdə artıq sudan 300 meqavatdan çox enerji götürürük. Bir-iki il ərzində Günəşdən də götürəcəyik, ondan da çox.

Bütün bunlar ölkənin gücüdür. Yenə də deyirəm, hər şey planlı şəkildə aparılır. Biz çalışırıq ki, tezliklə keçmiş köçkünləri öz doğma vətənlərinə qaytaraq. Amma, eyni zamanda, hər şey elə qurulmalıdır ki, azad edilmiş ərazilər nəinki Azərbaycanda, dünyada nümunəvi olsun və bu da olacaq.

Sizi bir daha təbrik edirəm, sizə cansağlığı arzulayıram.

X X X

Sakinlər: Çox sağ olun.

Sakin Murad Rəhimov: Möhtərəm cənab Prezident, qeyd etdiyiniz kimi, bugünkü görüş əlamətdar bir günə təsadüf edir, əlamətdar bir gündə keçirilir. Xalqımızın Ümummilli Lideri, Ulu Öndərimiz Heydər Əliyevin anadan olduğu gündür. Ulu Öndərimizin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında xidmətləri misilsizdir, əvəzolunmazdır. Onun ən böyük arzularından biri işğal olunmuş torpaqların azad edilməsi, sakinlərin öz ata-baba yurdlarına qaytarılması idi. Sizin uğurlu siyasətiniz və Ali Baş Komandanlığınız sayəsində Ulu Öndərin arzuları yerinə yetirildi. Bu gün onun ruhu şaddır. Biz bu gün buraya ruh yüksəkliyi ilə, fərəhlə, sevinclə qayıdırıq. Bu sevinci bizə bəxş etdiyinizə görə Sizə minnətdarıq. Tanrıdan Sizə cansağlığı arzulayırıq. Tanrı Sizi qorusun. Allah-taala şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Ailələrinə səbir diləyirəm. Qazilərimizə, müharibədə iştirak edən bütün oğullarımıza cansağlığı arzulayıram. Allah xalqımızı qorusun, dövlətimizi qorusun, Sizləri qorusun. Bu gün bizimlə görüşə gəldiyinizə görə bir daha minnətdarıq. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Sakin Səbiyyə Balakişiyeva: Cənab Prezident, biz də çox şadıq, Zəngilan torpağında bu gün Sizinlə görüşürük. Bu, bizim üçün bir qürur, doğrudan da çox şərəfdir. Bunu bizə yaşatdığınız üçün Sizə minnətdarıq. Uzun illərdir biz öz torpaqlarımızdan ayrı düşmüşdük. Amma arzularımıza bu gün çatmışıq. Doğrudan da xəyalımıza da belə gəlməzdi ki, biz öz torpaqlarımıza qayıdarıq. Biz buna görə Sizə minnətdarıq. Sizin qətiyyətiniz, gücünüz, iradəniz, eləcə də ordumuzun şücaəti nəticəsində biz bunlara nail olduq. Sizin bizə, xalqımıza məhəbbətiniz, sevginiz bizə güc-qüvvə verdi. Buna görə Sizə minnətdarıq. Biz hamımız, - Zəngilan əhalisi adından danışıram, - Sizi çox sevirik. Sevimli Mehriban xanıma bizim salamlarımızı çatdırın. Allah Sizə cansağlığı versin, uzun ömür və xalq naminə gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq. Allah ailənizi qorusun, çox sağ olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Çox sağ olun.

Sakin Cəfər Cabbarlı: Möhtərəm cənab Prezident, mən öz doğma torpağına qayıtmış bir Zəngilan gənciyəm. Eyni zamanda, qürurla bildirmək istəyirəm ki, mən öz müqəddəs peşə fəaliyyətini elə müqəddəs Zəngilanımızda davam etdirən müəllim ailəsinin başçısıyam. Onu da qeyd edim ki, mən öz həyat yoldaşımla birlikdə qayıdışın ilk məskəni olan Ağalı kənd tam orta məktəbində öz şərəfli, müqəddəs peşə fəaliyyətimizi birlikdə icra edirik. Zəngilan gənclərinin savadlı yetişdirilməsində, vətənpərvər yetişdirilməsində, intellektual olmasında biz öz əməyimizi səylə ortaya qoyuruq. Onu da qeyd etmək istəyirik ki, bu qüruru bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə, müharibə iştirakçılarımıza Allahdan cansağlığı diləyirik. Zəngilan gəncləri olaraq hər zaman “dəmir yumruq” kimi Sizin ətrafınızdayıq. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Sonra açarların təqdim edilməsi mərasimi oldu.

x x x

Daha sonra dövlətimizin başçısı sakinlərlə söhbət etdi.

Prezident İlham Əliyev: Orada hələ xəstəxana yoxdur, moduldur, orada işləyəcəksiniz?

Sakin: Bəli, modul tipli xəstəxana var, orada işləyirik. Üç ildir fəaliyyət göstəririk.

Prezident İlham Əliyev: Orada işləyirsiniz, çox yaxşı.

Sakin: Olar ikimiz də şəkil çəkdirək?

Prezident İlham Əliyev: Siz də həkimsiniz?

Sakin: Müəlliməm.

Prezident İlham Əliyev: Oxşayırsınız, bacısınız?

Sakin: Xeyr.

Şəkil çəkdirilir....

Prezident İlham Əliyev: Uşaqlar Ağalıda necə oxuyurlar?

Qadın sakin: Yaxşıdır, çox yaxşıdır, şükür Allaha.

Prezident İlham Əliyev: Yaxşıdır. Sayı da artıb yəqin ki, uşaqların.

Kişi sakin: 282 nəfər şagird var.

Prezident İlham Əliyev: Məktəb kifayət edir, yerləşirlər?

Qadın sakin: Bəli. Artıq bu məktəbimiz də olacaq.

Prezident İlham Əliyev: Bəli, bu il.

Qadın sakin: İnşallah, sentyabr ayından.

Kişi sakin: Növbəti ildən elə mən də həyat yoldaşımla yəqin ki, bu məktəbdə tədris edəcəyik, inşallah.

Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?

Kişi sakin: İşğaldan sonra Bakıda Zəngilan şəhər icra nümayəndəsi işləmişəm.

Prezident İlham Əliyev: Bəs o vaxt - sovet vaxtında?

Kişi sakin: Hərbidə olmuşam, komandir-batalyon. Birinci Qarabağ müharibəsinin iştirakçısıyam.

Prezident İlham Əliyev: Buradan nə vaxt çıxmısınız?

Kişi sakin: 2021-ci ildən pensiyadayam. Sizin tərəfinizdən də təltif olunmuşam "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, minnətdaram.

Prezident İlham Əliyev: Siz harada işləmisiniz sovet vaxtında?

Kişi sakin: Tikintidə işləmişəm.

Prezident İlham Əliyev: Tikintidə, Zəngilanda? Burada yaşamısınız? Bəs işğal dövründə, buradan çıxandan sonra harada yaşamısınız?

Kişi sakin: Bakı Tikiş Evinin yataqxanasında.

Prezident İlham Əliyev: Bu gün köçürsünüz?

Kişi sakin: Bəli. Çox sağ olun, bir daha minnətdarıq.

Prezident İlham Əliyev: Siz də burada yaşamısınız uşaqlıqdan?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Şəhərdə?

Kişi sakin: Kənddə yaşamışam.

Prezident İlham Əliyev: Bəs sonra?

Kişi sakin: Sonra Xırdalanda yaşamışıq.

Prezident İlham Əliyev: 30 il Xırdalanda? Orada şərait necə idi?

Kişi sakin: Yaxşı idi. Hazırda 3 ildir burada çalışıram, yaşıllaşdırma idarəsində işləyirəm.

Prezident İlham Əliyev: Üç ildir burada çalışırsan, sağ ol.

Şəkil çəkdirilir....

Qadın sakin: Təşəkkür edirik, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Bir daha təbrik edirəm sizi.

Sakinlər: Sağ olun, var olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB VİDEO

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO