PREZİDENT İLHAM ƏLİYEV LERİK QƏSƏBƏSİNDƏKİ ORTA İNTERNAT MƏKTƏBİNDƏ OLMUŞDUR
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Valeh İbrahimovun adını daşıyan məktəbdə Prezident İlham Əliyevi gül-çiçəklə qarşıladılar.
Dövlətimizin başçısı keçən il Lerikə səfəri zamanı bu məktəblə tanış olmuş və onun tamamilə yenidən qurulması barədə tapşırıq vermişdi. İndi məktəb büsbütün yeni görkəm almışdır. Prezident İlham Əliyev ulu öndərin həyat və fəaliyyətini əks etdirən guşə ilə tanış oldu, ayrı-ayrı sinif otaqlarına, habelə kompyuter otağına baxdı.
Azərbaycan Prezidentinə məlumat verildi ki, 200-ə yaxın şagirdin təhsil aldığı məktəbdə Mingəçevirdə yığılan kompyuterlər quraşdırılmış və internetə qoşulmuşdur.
Dövlətimizin başçısı burada şagirdlərin yaxşı oxuması və biliklərə dərindən yiyələnməsi, habelə yeni müasir texnologiyalardan istifadə üçün yaradılmış şəraitdən razılığını bildirdi və bunun çox vacib olduğunu söylədi.