Prezident İlham Əliyevin yetişdirdiyi vətənpərvər gənclik yeni zəfərlərin təminatçısıdır – AÇIQLAMA
Bakı, 16 fevral, AZƏRTAC
“Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi Ümummilli Lider Heydər Əliyevin ideyalarının mühüm tərkib hissəsini təşkil edirdi. Ulu Öndər bu istiqaməti dövlət siyasətinin prioritet məsələlərindən birinə çevirmişdi. Sevindirici haldır ki, Heydər Əliyevin ideyaları, onun qoyub getdiyi siyasi kurs Prezident İlham Əliyevin dönəmində ölkəmizin inkişafına, onun sürətli tərəqqisinə təkan verib, habelə, Azərbaycanın ən böyük dərdi sayılan Qarabağ probleminin uğurlu həllini təmin edib. Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərə bağlılığı, yüksək vətənpərvərlik eşqi özünü 44 günlük Vətən müharibəsində bütün əzəməti ilə büruzə verdi, bütün dünyada böyük heyrətlə qarşılandı”.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. O qeyd edib ki, Vətən müharibəsi Ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənpərvərlik ruhunu, torpaq, bayraq sevgisini bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Hansı ki, həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi.
C.Xəlilov müharibə zamanı Ermənistanda on iki min nəfərdən çox hərbçinin döyüş mövqeyini özbaşına tərk etdiyinə diqqət çəkib: “Bunu Ermənistanın rəsmi dövlət qurumları da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər”.
Polkovnik xatırladıb ki, Ali Baş Komandan İlham Əliyev dəfələrlə Azərbaycan gəncliyinin Vətən müharibəsindəki qəhrəmanlığına diqqət çəkərək bu qəhrəmanlığın milli-mənəvi dəyərlərə bağlılıqdan irəli gəldiyini qeyd edib: “Ölkə başçısı fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki çıxışında bu barədə ətraflı danışıb. Prezident İlham Əliyevin vətənpərvər gənclərimizlə bağlı səsləndirdiyi fikirlər bir daha onu deməyə əsas verir ki, bu gün Azərbaycan gəncliyi Vətənə olan sevgi və bağlılığı ilə bütün dünyaya nümunə olmaqla yanaşı, həm də yeni zəfərlərin təminatçısıdır. Bu gün Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlət maraqlarımızın keşiyində ayıq-sayıq dayanmaqda, milli mənafeyimizi bacarıqla qorumaqda davam edir”.
C.Xəlilov qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı gənclərlə mütəmadi iş aparır, onlarla görüşlər təşkil edir, gənclərin dünyagörüşünün daha da zənginləşməsi, onların milli maraqlarımızın müdafiəsi köklənməsi istiqamətində ardıcıl addımlar atılır. Bu gün təşkilatda 44 günlük Vətən müharibəsində iştirak edən yüzlərlə gənc veteran var. Onlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətində mühüm rol oynayır: “Dövlətimizin başçısı andiçmə mərasimində gənclərlə bağlı, habelə vətəndaş cəmiyyəti institutunun fəaliyyətinə verdiyi önəm bizim üçün ciddi mənəvi stimula çevrilməklə, bizi yeni layihələrə ruhlandırır. Bu il gənclərlə bağlı ümumrespublika səviyyəli bir sıra tədbirlər həyata keçirməyi planlaşdırırıq. Hansı ki, bu tədbirlər ölkəmizin müxtəlif regionlarını əhatə edəcək, gənclər üçün istiqamətverici rola malik olacaq. Prezident İlham Əliyev tərəfindən yürüdülən gənclər siyasəti və bu siyasətin ortaya qoyduğu mövcud reallıqlar onu deməyə əsas verir ki, dövlətimizin yetişdirdiyi vətənpərvər gənclik yeni zəfərlərin təminatçısıdır və biz yaxın gələcəkdə gənclərimizin imza atacağı bu zəfərlərə şahid olacağıq”.