PREZİDENT TƏQAÜDÜNƏ LAYİQ GÖRÜLMÜŞ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
Oktyabrın 20-də Təhsil Nazirliyində həmin tələbələrlə görüş keçirilmişdir.
Təhsil naziri Misir Mərdanov xalqımızın müdrik oğlu, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin təhsilimizə göstərdiyi qayğıdan danışmış, ümummilli liderimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl həyata keçirildiyini bildirmişdir.
Ölkəmizdə istedadlı, bacarıqlı gənclərin hərtərəfli inkişafına göstərilən dövlət qayğısından söhbət açan nazir tələbələrə verilən Prezident təqaüdünün iki dəfə artırılaraq 500 min manat məbləğinə çatdırıldığını söyləmişdir.
O, bu il yüksək ballarla ali məktəblərə qəbul olmuş, Prezident təqaüdünə layiq görülmüş tələbələrdən 37-sinin Bakı Dövlət Universitetində, 19-unun Azərbaycan Tibb Universitetində, 16-sının Dövlət İqtisad Universitetində, 9-unun Dövlət Neft Akademiyasında, 4-ünün Qafqaz Universitetində oxuduğunu diqqətə çatdırmış, təhsildə uğur qazanan gəncləri, onların müəllim və valideynlərini təbrik etmiş, xoş arzularını söyləmişdir.
Təhsilimizdə əldə olunan nailiyyətlərin sonsuz qürür hissi doğurduğunu bildirən nazir azərbaycanlı gənclərin dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərində də təhsil almalarının vacibliyini və əhəmiyyətini diqqətə çatdırmış, tələbələrin təhsili üçün bundan sonra da hər cür şərait yaradılacağına əmin olduğunu vurğulamışdır.
Çıxış edən Prezident təqaüdçüləri onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmiş, etimadı doğruldacaqlarına söz vermişlər.
Sonra Prezident təqaüdçülərinə Təhsil Nazirliyi tərəfindən kitablar hədiyyə edilmişdir.