Professor: 7 fevral Azərbaycanın ərazi bütövlüyü şəraitində keçirilən seçki olaraq tarixə düşür
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycanın hər yeri bizim üçün Vətəndir, lakin insanın doğulduğu, boya-başa çatdığı torpaq daha əzizdir. 27 il yurd həsrəti ilə yaşadıq. 58 yaşımda yenidən Cəbrayıla - doğma torpağıma qayıdanda özümü xoşbəxt hiss etdim, bu torpaqlar bizim üçün həm doğma, həm də müqəddəsdir. Çünki şəhidlərimizin qanı bahasına azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. İndi inamla deyə bilərik ki, Azərbaycan Respublikası yeni inkişaf mərhələsinə daxil olub.
Bu sözləri AZƏRTAC-a 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 24 saylı seçki məntəqəsində səsvermədə iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri professor Əli Zalov deyib. Professor vurğulayıb ki, müasir inkişaf mərhələsinin irəli sürdüyü çağırışlar növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən ən mühüm səbəbdir. Xalqımız, söz yox ki, qarşıdakı qlobal və mühüm regional problemlərini ən mükəmməl səviyyədə həll edə biləcək namizədə səs verəcək. Bu seçkilər ölkəmizin ərazi bütövlüyü şəraitində keçirilən seçki olaraq tarixə düşür. Belə deyək ki, hazırda Azərbaycan gələcəyini inşa edir.
“Azərbaycanda bütün sahələrdə quruculuq, inkişaf, islahat, yüksəliş müşahidə olunmaqdadır. Elm, təhsil, səhiyyə, mədəniyyət, sosial-iqtisadi məsələlərə, bir sözlə, bütün sahələrə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Əminəm ki, Azərbaycan ziyalıları, o cümlədən uzun illər mənim çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universitetinin çoxminlik kollektivi bu gün ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində fəal iştirak edir”, - deyə professor Əli Zalov fikrini yekunlaşdırıb.