Prolaktinomanın müasir diaqnostika və müalicə üsulları müzakirə olunub
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Prolaktinomanın müasir diaqnostikası və müalicə metodları” mövzusunda beynəlxalq seminar keçirilib. Tədbir ATU-nun Tədris Cərrahiyə Klinikası və Türkiyənin Medipol Mega Universitet Xəstəxanasının birgə əməkdaşlığı ilə baş tutub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən klinikanın müalicə işləri üzrə direktor müavini Samir Allahverdiyev seminarın əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Sonra İstanbul universitetinin endokrinoloji və metabolizm xəstəliklər kafedrasının dosenti, endokrinoloq Mehmet Fatih Kılıçlı “Prolaktinomanın müalicələri” haqqında çıxış edib. Bildirilib ki, bu xəstəlik kişilərlə müqayisədə qadınlar arasında daha geniş yayılıb. Xəstəlik zamanı cərrahi müdaxilənin nə dərəcədə vacib olub-olmamasından söz açan endokrinoloq bildirib ki, əməliyyat olunan xəstələr həyatlarını çox sağlam şəkildə davam etdirirlər.
Endokrinoloq prolaktinomaların aşkarlanması haqqında danışıb və burda əməliyyata qərar verən zaman həkimlərin diqqətli olmalarını tövsiyə edib.
Seminarın davamında ATU-nun Tədris Cərrahiyyə klinikasının assistenti Namiq Əhmədov “Prolaktinomaların endoskopik minimal invaziv cərrahiyyəsi” haqqında iştirakçılara məlumat verib.