“Prometey Bakıda” adlı konsert maraqla qarşılanıb
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Prometey Bakıda” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən E.F. Stravinski “Simurq quşu” suitası (1919) və A.N.Skryabinin “Prometey” alov poeması op.60 əsərləri səsləndirilib.
Solisti Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundova olan konsertdə, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbəri - Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) çıxış edib.
Qeyd edək ki, E.F. Stravinskinin “Simurq quşu” suitası Bakıda nadir hallarda səslənir.
Konsertdə A.N.Skryabinin “Prometey” alov poemasının ifası zamanı Piano, orkestr, xorun ifası və işıqların ahəngi ecazkar təəasürat doğurub. Pianoçunun peşəkar ifası dinləyicilərin zövqünü oxşayıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsinin divarlarında əks olunan alovun və şimşəyin çaxmağı bütün auditoriya tərəfindən maraq hissi ilə qarşılanıb.