Qadın sahibkarlar “Şuşa İli” çərçivəsində 270-ə yaxın layihə təqdim edib
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) sahibkar qadınlarla növbəti görüşünü keçirib.
Sentyabrın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer də sahibkar xanımlarla görüşə gəliblər.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva iştirakçıları salamlayaraq Assosiasiyanın qarşıda gözlənilən layihələri haqqında məlumat verib: “Gələcəyə işıq saçan bir çox layihəmiz var. “Şuşa İli” çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinə 270-ə yaxın layihə təqdim edilib. Qəbul olunan layihələrdən biri də AQSİA-nın hazırladığı “Qarabağ incilərinin Avropa sədası” layihəsidir. Xüsusilə, ermənilərin “bizimdir” dediyi milli motivlərimizin geyimlər üzərində təqdimatını bütün dünyaya nümayiş edəcəyik. Layihəni Avropaya daşımaq məqsədilə oktyabrda Fransada böyük bir təqdimat mərasimi düzənləmək planlaşdırılır. Bu məhsullar noyabrın 19-25-də Bakıda keçiriləcək “Dünya sahibkarlar həftəsi”ndə auksiona çıxarılacaq. Burada əldə edilən gəlir isə Qarabağ Dirçəliş Fonduna köçürüləcək”.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AQSİA ilə bağlı fikirlərini bölüşüb. Qadın sahibkarlığının inkişafına dövlətin daim dəstək göstərdiyini vurğulayan komitə sədri AQSİA tərəfindən böyük və əhəmiyyətli layihələrin həyata keçirilməsini alqışlayıb: “Hesab edirəm ki, sözügedən layihələr dövlətin, xalqın mənafeyinə uyğun olduğu üçün sahibkar xanımları da öz ətrafında sıx birləşdirir. Bu birliyə görə hər birinizi təbrik edirəm. Məqsəd bu təşkilat vasitəsilə həm ölkə daxilində, həm də xaricdə uğurlu əlaqələr qurmaq, əməkdaşlığı genişləndirmək, Vətənimizə, xalqımıza töhfə verməkdir. Layihə üçün Fransanın seçilməsi də təsadüfi deyil və təqdirəlayiqdir. Fransa Qarabağın Azərbaycan, Cənubi Qafqaz üçün əhəmiyyətini çox yaxşı bilir”.
Şimali Kiprin ölkəmizdəki nümayəndəsi Ufuk Turganer Azərbaycan iş qadınlarının uğurlarına görə sevindiyini və gələcəkdə öz ölkəsinin sahibkarları ilə geniş əməkdaşlıq platformasının yaranması ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra “Qarabağ incilərinin Avropa sədası” adlı sənədli film tədbir iştirakçılarına təqdim olunub.