Qahirədə azərbaycanlı alimin “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı kitabı təqdim edilib
Qahirə, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun ərəb dilində qələmə aldığı “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə Misirin millət vəkilləri, Misir-Azərbaycan Dostluq cəmiyyətinin üzvləri, ölkənin tanınmış siyasi-ictimai xadimləri, elm və təhsil ocaqlarının nümayəndələri, burada yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, jurnalistlər iştirak ediblər.
Açılış mərasimində Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, kitabın redaktoru Əbubəkr Əbulməcd soyqırımına həsr olunmuş kitabla bağlı öz təəssüratlarını bölüşüblər.
Müəllif Emil Rəhimov kitabda toxunduğu əsas mövzulara - İrəvan xanlığının tarixi həqiqətlərinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərinə, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi, lakin indiyədək icra olunmayan qətnamə, qərar və bəyanatlara toxunub. O, XX əsrin ən dəhşətli soyqırımı sayılan Xocalı qətliamının başvermə səbəblərini, soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasını araşdırıb, erməni terror təşkilatları, erməni lobbisi, 1989-1994-cü illərdə Azərbaycanda ermənilərin törətdiyi terror aktları barədə geniş məlumat verib, Azərbaycan dövləti və xalqının hər il fevralın 26-nı Xocalı soyqırımı günü kimi qeyd etdiyini deyib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə