MƏDƏNİYYƏT
Qalatəpə şəhər məskənində aparılan arxeoloji tədqiqatlar zamanı mühüm əhəmiyyət kəsb edən tarixi materiallar aşkarlanır
Ağcabədi, 16 avqust (AZƏRTAC). Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığındakı Qalatəpədə arxeoloji tədqiqatlar davam edir.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev AZƏRTAC-a bildirmişdir ki, Qarqarçay ilə qədim suvarma kanalı olan Gavur arxının kəsişməsindəki strateji yerdə yerləşən Qalatəpədə tədqiqatlara 2008-ci ildən başlanılmışdır. Antik Albaniya şəhəri olan, qədim mənbələrdə Enian, orta əsr mənbələrində isə Yunan adlandırılan şəhərin yerində və onun yaxınlığındakı nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı bir çox əhəmiyyətli tarixi materiallar aşkarlanmışdır.
Tədqiqatlar nəticəsində şəhərin yerində eramızdan əvvəl II əsrdən bizim eranın II əsrinə qədər olan dövrə aid 9 metr dərinliyində mədəni təbəqə - çiy kərpicdən tikilmiş divar, sahəsi 56 kvadratmetr olan ictimai bina, dəhliz və küçə aşkar olunmuşdur. Divarların qalınlığı 1,5 metrə çatır. Binanın tikintisində istifadə edilən kərpiclərin uzunluğu 58, eni 47, qalınlığı 18-20 santimetrdir. Bu, antik dövrdə Azərbaycanda kərpic memarlığının yüksək inkişafından xəbər verir. Otağın divarlarının içində üfüqi istiqamətdə dirək yerlərinin mövcudluğu onun bir neçə qatdan ibarət olduğunu göstərir. Otaqda 9 metr dərinlikdə əhəngdaşından hazırlanmış sütun altlığı, ocaq yerləri, kül qatları, yanmış ağac qalıqları, qırmızı boyalı, zəngin naxışlı keramika nümunələri, gillə suvanmış döşəmə, kənarlarda oturacaq kimi istifadə olunan 40 santimetr enində möhkəmləndirilmiş torpaq aşkar edilmişdir.
Qalatəpə şəhər yerinin yaxınlığındakı nekropolda son illər aparılan qazıntılar zamanı eramızdan əvvəl II - bizim eranın III əsrlərinə aid 12 ədəd küp qəbir açılmışdır. Küp qəbirlərdən əldə olunan materialların (bəzək əşyaları, silahlar, qılınc, ox və nizə ucları) əksəriyyəti ellinizm mədəniyyəti ilə bağlıdır. Bu tapıntılar antik dövr Alban şəhərinin mədəni-mənəvi həyatını daha ətraflı öyrənməyə imkan verir.
Bu il aparılan tədqiqatlar zamanı qazıntılar 10 metrə çatdırılaraq, ellinizm dövrünə aid yeni bir tikili qatı aşkar edilmişdir. Bu isə onu göstərir ki, Qalatəpə iki təbəqədən (üst - orta əsrlər, alt - antik dövr) ibarətdir. Tədqiqatlar zamanı, həmçinin orta əsrlərə aid qala divarının qalığı və keramika nümunələri də aşkar edilmişdir.
Avqustun 16-dan etibarən Qalatəpədə 2-ci qazıntı sahəsində tədqiqatla başlanılmışdır. Arxeoloji tədqiqatlar sentyabrın sonunadək davam edəcəkdir.