QANUNSUZ MİQRASİYANIN QARŞISI ALINACAQDIR
MDB İcraiyyə Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 3-4-də Minskdə Birlik ölkələrinin qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı haqqında Sazişin iştirakçısı olan dövlətlərin birgə komissiyasının 8-ci iclası keçiriləcəkdir. İclasın gündəliyinə səlahiyyətli orqanların MDB ölkələrinə gəlişi qadağan edilmiş, yaxud arzuedilməz sayılan şəxslərin siyahısı üzrə işinin təkmilləşdirilməsi, habelə əcnəbi vətəndaşların ölkədə olması və yaşamasına nəzarət sisteminin yaxşılaşdırılması məsələləri daxildir.
Birgə komissiyanın üzvləri Birliyin gələcək inkişafı Konsepsiyasının və razılaşdırılmış miqrasiya siyasəti haqqında Bəyannamənin reallaşdırılması, mütəxəssislərin stajkeçməsinin təşkili üzrə əsas tədbirlər Planının yerinə yetirilməsini müzakirə edəcək, miqrasiya problemlərinə dair informasiya mübadiləsi aparacaqlar. Bundan əlavə, iclasda şəxsiyyəti təsdiq edən sənədlər olmadığı üçün səlahiyyətli orqanlar tərəfindən saxlanılmış əcnəbi vətəndaşların və vətəndaşlığı olmayanların şəxsiyyətlərinin eyniləşdirilməsi metodikası layihəsini də müzakirə etmək planlaşdırılır.
2004-cü ildə yaradılmış birgə komissiyanın fəaliyyəti MDB ölkələrinin qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığının inkişafına yönəldilmişdir. Komissiya qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində beynəlxalq müqavilə layihələrini işləyib hazırlayır, eləcə də qanunsuz miqrasiyanın profilaktikası üzrə tövsiyələr verır, bu sahədə informasiya mübadiləsini dəstəkləyir.
Azərbaycan Respublikası birgə komissiyanın işində müşahidəçi qismində yaxından iştirak edir.