Qanunsuz saxlanılan silah-sursat götürülüb
Bakı, 1 iyun, AZƏRTAC
Respublikanın daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirləri fasiləsiz davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum edilmiş İlham Nəsibovdan “AK” markalı silah və içərisində 22 patron olan bir daraq götürülüb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumatlar əsasında keçirdikləri tədbirlər nəticəsində Alçalı kənd sakini Eltac Əkbərovun evindən bir, Yenikənd kənd sakini Əvəz Rzayevdən isə müvafiq sənədləri olmayan, “İJ” markalı iki ov tüfəngi götürülüb.
Aşkarlanan maddi sübutlar ekspertizaya təqdim olunub.
Faktlarla bağlı araşdırmalar aparılır.