“Qarabağ - Azərbaycan mədəniyyətinin ürəyi” adlı beynəlxalq layihəyə start verilir
Bakı, 2 fevral, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi fevralın 2-də “Qarabağ - Azərbaycan mədəniyyətinin ürəyi” adlı beynəlxalq layihəyə start verib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, layihə “Qarabağ Azərbaycandır!” şüarı çərçivəsində Regional Mərkəzin fəaliyyətləri ilə bağlı bu qurumun beynəlxalq idarə heyətinin iyulda qəbul etdiyi qərara uyğun olaraq onun növbəti fəaliyyəti kimi həyata keçirilir. Layihənin məqsədi Ermənistan işğalından azad edilmiş Qarabağın Azərbaycan mədəniyyəti və tarixinin ayrılmaz parçası olması ilə bağlı beynəlxalq maarifləndirmə işinin aparılmasıdır.
İlk mərhələsi Azərbaycan Gəncləri Günü münasibətilə fevralın 2-də keçiriləcək müsabiqə ümumilikdə beş həftə davam edəcək. Hər mərhələdə Azərbaycanın Qarabağdakı mədəni-tarixi irsi ilə bağlı intellektual suallar onlayn qaydada xarici gənclərə təqdim ediləcək.
Cavabların düzgünlüyü, əhatəliliyi və cavablandırma tezliyi kriteriyaları üzrə layihənin münsiflər heyəti hər həftə üç qalibi müəyyənləşdirəcək. Qaliblər xüsusi hədiyyələrlə (elektron cihazlar) mükafatlandırılacaqlar. Müsabiqənin sonunda beş həftə ərzində biliyi, intellekti və marağı ilə fərqlənən beş qalib təşkilatçılar tərəfindən müəyyənləşdiriləcək bir vaxtda Qarabağ bölgəsinə səyahət imkanı əldə edəcək.
Müsabiqədə Azərbaycan vətəndaşı olmayan 18-35 yaşlı gənclər iştirak edə bilərlər.
Layihə haqqında ətraflı məlumatı https://icyf-erc.org/announcements/karabakh-cultural-heartland-of-azerbaijan/ keçidi vasitəsilə əldə etmək olar.