İDMAN
“Qarabağ”ın legioneri: "Tottenhem" və "Ayaks"la oyunlar bizə böyük təcrübə qazandırdı
Bakı, 11 noyabr, AZƏRTAC
"Budyo-Qlimt"lə səfər oyununda qazanılan xallar çətinlik hesabına başa gəldi. Hər kəs gördü ki, rəqib keyfiyyətli komandadır".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Qarabağ"ın braziliyalı futbolçusu Mateus Silva UEFA Avropa Liqasının əsas mərhələsində səfərdə “Budyo-Qlimt”ə (Norveç) qalib gəldikləri oyun (2:1) və turnirdəki şansları barədə danışarkən deyib.
O, Norveç səfərində əzmkarlıq hesabına üç xal əldə etdiklərini bildirib: "Meydana istəkli çıxmışdıq. Yaxşı nəticə üçün hər şeyi etdik. Norveç klubu üzərində qazanılan qələbə qarşıdakı oyunlarda komandaya yüksək motivasiya verəcək. İnanıram ki, bu mövsüm azarkeşlərimizi avrokuboklardakı uğurlu çıxışlarımızla daha çox sevindirəcəyik”.
Avropa Liqasının əsas mərhələsində daha əvvəl keçirdikləri üç oyundan da söz açan 28 yaşlı müdafiəçi uğursuz nəticələrə baxmayaraq, qarşıdakı matçlarda əllərindən gələni edəcəklərini söyləyib: "Avropa Liqasında qarşılaşdığımız komandaların səviyyəsi yüksəkdir. Rəqiblərimizin heyətində güclü futbolçular çıxış edirlər. Uğursuz nəticələr əldə etsək də, "Tottenhem" və "Ayaks" kimi güclü komandalarla qarşılaşmaq bizə böyük təcrübə qazandırdı”.
Ağdam təmsilçisi UEFA Avropa Liqasında növbəti oyununu noyabrın 28-də doğma meydanda Fransanın "Lyon" komandasına qarşı keçirəcək.
M.Silva Misli Premyer Liqasının XIII turunda "Zirə"yə 4:0 hesabı ilə qalib gəldikləri matç barədə də danışıb: "Nəticə göstərdiyimiz oyuna görə oldu. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirdik və vacib xallar qazandıq. Hədəfimiz növbəti dəfə çempionluq yaşamaqdır”.
Qeyd edək ki, "Qarabağ" Misli Premyer Liqasında 31 xalla turnir cədvəlinə başçılıq edir.