REGİONLAR
Qarabağın yolları müasir standartlara uyğun inşa edilərək istifadəyə verilir
Xocavənd, 7 may, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad olunan ərazilərdə diqqət mərkəzində saxlanılan sahələrdən biri də avtomobil yollarıdır. Qısa müddətdə inşa edilərək istifadəyə verilən yollar siyahısında artıq Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu da yer alır.
AZƏRTAC-ın bölgə müxbiri Prezidentin izi ilə azad olunan ərazilərə təşkil edilən mediatur zamanı avtomobil yollarından son məlumatları qələmə alıb.
Avtomobil yolları ilə bağlı həyata keçirilən işlər barədə danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Regional və yerli yollar şöbəsinin rəisi İlham Süleymanov bildirib ki, ümumi uzunluğu 39.7 kilometr olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8.2 kilometrlik hissəsinin açılışı həyata keçirilib. Yol birinci texniki dərəcəyə uyğun tikilib. Dörd hərəkət zolağından ibarətdir. Yolun 8.2 kilometrlik hissəsinin üzərində dörd avtobus dayanacağı, bir ədəd uzunluğu 79 metr olan körpü və 15 ədəd müxtəlif diametrli su ötürücü borular tikilərək təhvil verilib. Yolda 8.2 kilometrlik hissədə son tamamlama işləri yekunlaşıb. Bundan başqa, açılışı olan Füzuli-Hadrut yolunun ümumi uzunluğu 12.3 kilometrdir. Adıçəkilən yolda da bütün işlər yekunlaşıb. Həmin yol da birinci texniki dərəcəyə uyğun tikilib və yolun üzərində 18 paqon metr uzunluğunda körpü inşa edilib. Həmin yolun üzərində 8 ədəd müxtəlif diametrli su ötürücü boru, 7 heyvan keçidi də daxil olmaqla düzbucaqlı borular inşa edilib”.