Qaradağ rayonunda qanvermə aksiyası keçirilib
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində keçirilən qanvermə aksiyasında 100-ə yaxın rayon sakini təmənnasız olaraq qan verib.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, qanvermə aksiyası rayon icra hakimiyyəti və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
2005-ci ildən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib. Ölkənin birinci xanımı bununla bütün ictimaiyyəti talassemiyalı uşaqlara yardım etməyə çağırıb.
Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyindən əziyyət çəkən insan var. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması üçün qanvermə aksiyalarının keçirilməsi böyük dəstəkdir.