Qaradağ rayonunun Çeyildağ qəsəbəsində tibbi müayinə aksiyası təşkil edilib
Bakı, 28 aprel, AZƏRTAC
Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi Qaradağ rayonunun ucqar qəsəbəsi olan Çeyildağ qəsəbəsində “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı əhalinin tibbi müayinədən keçirilməsi kampaniyası təşkil edilib.
Bu barədə AZƏRTAC-a Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat veriblər.
Rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova qəsəbə sakinləri qarşısında çıxış edərək Zərifə Əliyevanın tibb elminin inkişafında göstərdiyi xidmətləri, oftalmologiyanın aktual problemlərinə həsr olunan tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti barədə danışıb.
Aksiya zamanı rayonun səhiyyə müəssisələrində çalışan 15 təcrübəli həkim 200-ə yaxın qəsəbə sakinini tibbi müayinələrdən keçirib, səhhətində problem olan sakinlərə məsləhətlər verib və müvafiq müalicə təyin olunub.