MƏDƏNİYYƏT
Qars şəhərində “Azərbaycan mahnıları” adlı piano konserti keçirilmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). Türkiyənin Qars şəhərində “Azərbaycan mahnıları” adlı mədəniyyət gecəsi keçirilmişdir.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qars Qafqaz Universitetinin dəstəyi ilə “Aynalı Köşk” konsert salonunda təşkil olunmuş bu mötəbər mədəniyyət gecəsində Bakı Musiqi Akademiyasında təhsil almış pianoçu İlhamə Məmmədlinin ifasında bəstəkarlarımızın əsərləri və xalq mahnılarımız səslənmişdir.
Konsertdə İ.Məmmədli tamaşaçılara Tofiq Quliyevin “Gəmi”, “Axşam”, “Sənə də qalmaz”, “Sevgilim”, Səid Rüstəmovun “Vətən”, Ələkbər Tağıyevin “Şirin arzular”, Fikrət Əmirovun “Azərbaycan suitası”, Qəmbər Hüseynlinin “Ay işığında”, C.Cahangirovun “Aylı gecələr” əsərlərini, “Küçələrə su səpmişəm”, “Sarı gəlin” kimi xalq mahnılarından ibarət kompozisiyaları təqdim etmişdir.
Pianoçunu tarda Aşkın Çelik müşayiət etmişdir.
İ.Məmmədlinin tamaşaçılar tərəfindən heyranlıqla qarşılanmış çıxışını mədəniyyət xadimləri, təşkilatçılar, musiqisevərlər də yüksək qiymətləndirmişlər.
Konsertin tamaşaçıları arasında olmuş Azərbaycanın Qarsdakı baş konsulunun müavini Asiman Əliyev iki qardaş ölkə arasında bütün sahələrdə qurulmuş dərin əməkdaşlıqdan məmnunluq duyduğunu vurğulamış, həmyerlimizin çıxışını xüsusi qiymətləndirərək ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulamışdır.