REGİONLAR
Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqları əyləncəli proqramla sevindirib
Qax, 9 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrında Yeni ilin gəlişi münasibətilə uşaqlar üçün təşkil olunan bayram şənlikləri başa çatıb.
Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il dekabrın 29-dan davam edən bayram şənliklərində yüzlərlə azyaşlı uşaq və məktəbli iştirak edib. Xüsusi ssenari əsasında hazırlanmış proqramın əvvəlində Yeni ilin personajları Şaxta baba və Qar qız, həmçinin cizgi filmlərinin qəhrəmanı Mikki Maus uşaqları bayram münasibətilə təbrik edib, onlarla birgə rəqs edib, əyləniblər.
Sonra uşaqlar rus yazıçısı Pavel Morozovun “Yırtıcı dovşan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya baxıblar. Tamaşanın rejissoru Araz Mehrablı, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Rolları Azər Kərimov, Aynurə Abbasova, Elnarə Babayeva, Nuru Mustafayev, Afət Yaqubova, Vasif Fikrətli və başqaları ifa ediblər.
Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov bildirib ki, yanvarın 14-dən etibarən teatrda Rəhman Əlizadənin “Tülkünün uçuşu” tamaşasının məşqlərinə başlanacaq. Tamaşanın rejissoru Araz Mehrablı, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Eyni zamanda, yanvar ayı ərzində teatrda Osman Abdullayevin “Qoğal”, “Diş əhvalatı” və Astrid Linqredin “Karlson” tamaşaları oynanılacaq.