Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO
Qax, 27 sentyabr, AZƏRTAC
Qax rayonunun Qaşqaçay kəndində şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhidlər qalası” ucaldılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Şəhidlər qalası”nın açılışı orkestrin ifası ilə başlayıb. Azərbaycan Bayrağı qalanın qüllələrində dalğalandırılıb. Sonra Dövlət Himni səsləndirilib, ardınca şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məlumat verilib ki, 22 metr hündürlüyü olan abidə kompleksinin hər iki tərəfində qüllələr inşa olunub. Hər bir qüllənin üzərində Azərbaycan Bayrağı dalğalanır. Qalada Vətən müharibəsinin rəmzi olaraq 44 atəş pəncərəsi var,1 pəncərə isə antiterror əməliyyatını əks etdirir.
Açılış mərasimində çıxış edən layihənin müəllifi Ənvər Əfəndiyev “Bura şəhidlərimizin müqəddəs xatirəsinin yaşadıldığı, gələcək nəsillərə Vətən sevgisinin və qəhrəmanlıq salnaməsinin ötürüldüyü bir məkanıdır”, - deyib. O diqqətə çatdırıb ki, orada məktəblilər “Açıq dərs”lərə qatıla, hərbi çağırışçılar həmin məkandan yola salına, yeni ailə həyatı quranlar isə bu müqəddəs yerdə niyyətlərini bildirə bilərlər.
Milli Qəhrəman Cavanşır Rəhimovun anası Lalə Rəhimova Qaşqaçay sakinlərinin hər zaman Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynadıqlarını, Vətənin keşiyində dayandıqlarını, öz qanları, canları hesabına qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirdiklərini diqqətə çatdırıb. O, abidənin igid oğulların qəhrəmanlıqlarını əks etdirdiyini vurğulayıb.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Vətən müharibəsindən danışıb. O qeyd edib ki, qəhrəman oğullar canları bahasına Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına böyük töhfə veriblər. “Bu gün sahib olduğumuz Qələbənin arxasında şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi dayanır. Bu mənada ucqar dağ kəndində ucaldılan “Şəhidlər qalası” təkcə Qaşqaçaydan olanların deyil, bütün şəhidlərimizn əziz xatirəsini yaşadan müqəddəs məkan kimi tarixdə qalacaq”, – deyə Elvin Paşayev vurğulayıb.
Tədbirdə çıxış edən digərləri də şəhid və qazi ailələrinə dövlət qayğısından danışıb, minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra şəhid analarının və övladlarının iştirakı ilə “Şəhidlər qalası” abidə kompleksinin lenti kəsilib, önünə əklillər, gül-çiçəklər düzülüb.
Mərasim hərbi orkestrin ifasında hərbi marşların səsləndirilməsi ilə davam edib.
Qeyd edək ki, Qaşqaçay kəndinin 22 şəhidi, 18 qazisi var. Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir Rəhimov da bu kənddə doğulub boya-başa çatıb. Qaşqaçay həm də məşhur generalları, zabitləri, eləcə də bu gün də Azərbaycan Ordusunda xidmət edən vətənpərvər oğulları ilə fəxr edir.
Müxbir - Rasim İslamoğlu