Qaxın taxıl sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
Qax, 4 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında 2026-cı ilin məhsulu üçün indiyədək 12 min 258 hektar sahədə payızlıq dən bitkilərinin səpini aparılıb. Taxıl əkinlərinin 7254 hektarını buğda, 5004 hektarını arpa sahələri təşkil edir. Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Qax rayon Mərkəzi tərəfindən taxıl sahələrində monitorinqlər, fitosanitar tədbirlər davam etdirilir.
Mərkəzin rəisi Hikmət Hafizov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari ildə səpin üçün ayrılan buğda və arpa toxumlarının insekto-fungisidlərlə dərmanlanmasına xüsusi diqqət yetirilib. Toxumların dərmanlanması taxıl əkinlərini kök çürüməsi, sürmə, fuzarioz, alternarioz kimi xəstəliklərdən qoruyur, eyni zamanda, taxıl böcəyi sürfələri, məftil qurdları və digər torpaqaltı zərərvericiləri məhv edir.
“Rayon üzrə indiyədək səpin aparılan sahələrin 4457 hektarı dəmyə torpaqlardır. Səpindən sonra xeyli müddətdir ki, havalar isti və quraq keçir. Belə hava şəraitində xüsusilə dəmyə ərazilərdə bir çox zərərli orqanizmlərin, əsasən də siçanabənzər gəmiricilərin aktivləşməsinə şərait yaranır. Mərkəzin mütəxəssisləri tərəfindən indiyədək əkin sahələrinin 7800 hektarında fitosanitar müşahidələr aparılıb, 4200 hektar sahədə iqtisadi ziyanlı həddən yüksək sıxlıq müəyyən edilərək Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən dövlət hesabına verilmiş sink-fosfid preparatı ilə zəhərli aldadıcı yem hazırlanaraq kimyəvi mübarizə tədbirlərinə başlanılıb. İndiyədək 1600 hektardan çox taxıl sahəsində büdcə vəsaiti hesabına siçanabənzər gəmiricilərə qarşı zəhərli aldadıcı yemlə mübarizə tədbirləri həyata keçirilib və hazırda dərmanlama tədbirləri davam etdirilir”,- deyə Hikmət Hafizov bildirib.
Qurum rəsmisinin sözlərinə görə, hazırda Qax rayon Mərkəzində lazımi qədər sink-fosfid ehtiyatı var. Siçanabənzər gəmiricilərə qarşı mübarizə məqsədilə quruma müraciət etmiş fermerlərə “Pestisidlərlə işləyərkən texniki təhlükəsizlik qaydaları haqqında” təlimat ətraflı izah edildikdən sonra hazırlanmış zəhərli aldadıcı yemin tətbiqinə icazə verilir. “Siçanabənzər gəmiricilərin kütləvi çoxalmasının başlıca səbəbi havaların isti keçməsi ilə yanaşı, bir çox fermer tərəfindən aqrotexniki tədbirlərin tələb olunan müddətdə və səviyyədə aparılmamasıdır. Bununla bağlı fermerlər arasında maarifləndirici söhbətlərə xüsusi diqqət yetirilir, izahat işləri aparılır”,- deyə Mərkəzin rəisi əlavə edib.