Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir
Bakı, 18 aprel, AZƏRTAC
Qazax rayonu ərazisindəki respublika əhəmiyyətli Qazax-Uzuntala avtomobil yolunun 7-ci kilometrindən ayrılan Cəfərli kəndinin yolunun yenidən qurulması yekunlaşır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, 7 kilometr uzunluğa malik Cəfərli avtomobil yolu III texniki dərəcəlidir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismarda olduğundan qara qırmadaş örtük bəzi yerlərdə dağılaraq, yolun hərəkət hissəsində qabarmalar, çökmələr və çoxlu sayda çalalar əmələ gəlib. Yolda uzun illər yaşanan bu problemi aradan qaldırmaq üçün Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz təmir-tikinti tədbirlərin icrasına başlanılıb.
Layihəyə görə, yolun qara qırmadaş örtüyü sökülüb, əvəzinə yararlı qrunt yayılaraq kipləşdirilib və yeni yol yatağı inşa olunub. Texnoloji ardıcıllığa uyğun olaraq, bunun ardınca zəruri materiallardan istifadə edilərək yolun əsasının alt və üst layı inşa edilib. Həmçinin yol əsası hazır olan hissələrin asfaltlanması işlərinə də başlanılıb. Artıq Cəfərli yolunun yarısından çoxuna 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə asfaltlanma işləri 50 min kvadratmetr sahədə aparılacaq.
Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına, həmçinin regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yeniləşməsi və müasirləşməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə, yük və sərnişindaşımasını asanlaşdırmasına hesablanıb.
Bu il realaşdırılması nəzərdə tutulan 100-dən artıq yol infrastrukturu layihəsindən 63-ü kənd və qəsəbələri əhatə edən yolların yenidən qurulmasıdır.