QAZAXISTAN AZƏRBAYCANI REGİONDA ENERGETİKA SAHƏSİNDƏ ƏSAS TƏRƏFDAŞ SAYIR
Bundan əvvəl isə hökumət başçılarının təkbətək görüşü olmuşdur.
Azərbaycanın Baş naziri bildirdi ki, belə mötəbər nümayəndə heyətinin ölkəmizə səfəri Qazaxıstanla ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəkdir. Qazaxıstanla siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin genişlənməsi Azərbaycan üçün öncül əhəmiyyətli məsələdir. Diqqətəlayiq haldır ki, bu əlaqələr həm ölkələrimizin rəhbərləri, həm də idarələr və ictimaiyyətin nümayəndələri səviyyəsində həyata keçirilir.
Artur Rasizadə Azərbaycan iqtisadiyyatının ümumi daxili məhsulu səviyyəsinin ildən-ilə artmasından, qlobal enerji layihəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tezliklə istifadəyə veriləcəyindən danışdı.
Qazaxıstan nümayəndə heyətinin üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verildi. Azərbaycan hökumətinin başçısı vurğuladı ki, bu münaqişə ancaq beynəlxalq hüquq normaları əsasında, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtilə həll edilməlidir.
Qazaxıstanın Baş naziri Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyindən məmnunluq duyduğunu bildirdi. Danial Axmetov dedi ki, Qazaxıstan Azərbaycanı regionda energetika sahəsində əsas tərəfdaş sayır. O, ümidvar olduğunu söylədi ki, dövlətlərimizin başçıları Qazaxıstandan neftin Xəzər dənizi və Azərbaycan ərazisi ilə Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəqlinə kömək və dəstək göstərilməsi haqqında sazişi tezliklə imzalayacaqlar. Bundan başqa, Qazaxıstan tikintisi cari ilin sonunda başa çatdırılacaq Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqlində iştirak etməkdə də maraqlıdır. Bu məqsədlə Qazaxıstan hökuməti Xəzərin dibi ilə Aktau-Bakı qaz kəməri çəkilməsi layihəsini nəzərdən keçirir.
Hövsanda taxıl terminalının tikilməsi Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlığında mühüm hadisə olacaqdır. Terminal Qazaxıstan taxılının region ölkələrinə ixracının həcmini artırmağa imkan verəcəkdir.
Danial Axmetov həmçinin bildirdi ki, Qazaxıstan tələbə nümayəndə heyətlərinin mübadiləsinə, ölkənin qərb bölgələrinə Azərbaycandan meyvə-tərəvəz göndərilməsinə, Xəzərin dibi ilə lif-optik rabitə xətti çəkilməsinə də maraq göstərir.