QAZAXISTAN PREZİDENTİ NURSULTAN NAZARBAYEV PREZİDENT HEYDƏR ƏLİYEVİN DƏFN MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
Prezident Nazarbayevi Binə hava limanında Azərbaycanın Baş naziri Artur Rasizadə qarşılamışdır.
Nursultan Nazarbayev jurnalistlərlə söhbətində demişdir: “Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi. Hamımıza məlumdur ki, Heydər Əliyev həm MDB ölkələri, həm də öz xalqı üçün çox işlər görüb. Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcəkdir. Əziz və unudulmaz dostum haqqında keçmiş zamanda danışmaq mənim üçün ağrılı olsa da, deməliyəm ki, Heydər Əliyev son nəfəsinə qədər öz xalqının rifahı üçün çalışdı. Allah ona rəhmət eləsin”.
X X X
Sonra Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev xalqımızın ümummilli lideri Heydər Əliyevlə vidalaşma mərasimi keçirilən Respublika sarayına gəlmişdir. Onun adından Prezident Heydər Əliyevin cənazəsi önünə əklil qoyulmuşdur.
MDB ölkələri rəhbərlərinin müdrik ağsaqqalı və güvənc yeri olan həmkarına ehtiramını onun unudulmaz xatirəsi önündə baş əyməklə bildirən Prezident Nursultan Nazarbayev Azərbaycanın rəhbəri İlham Əliyevə və onun ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı vermişdir.
X X X
Prezident Nursultan Nazarbayev həmin gün öz vətəninə qayıtmışdır.