QAZAXISTANDA XƏZƏR MÖVZUSUNDA BEYNƏLXALQ FORUM KEÇİRİLMİŞDİR
Forumda dünyanın 10 ölkəsindən 200-dən artıq nümayəndə, o cümlədən Azərbaycan, Qazaxıstan və Rusiya xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov, Kayrat Abseitov və Viktor Kalyujnı iştirak etmişlər.
Beynəlxalq forumda Xəzərin hüquqi statusu, Xəzəryanı dövlətlər arasında regional əməkdaşlıq, enerji ehtiyatlarından istifadə sahəsində strateji cəhətdən mühüm layihələrin həyata keçirilməsi, o cümlədən Xəzər dənizinin flora və faunasının qorunması məsələləri müzakirə olunmuşdur.
Xələf Xələfov öz çıxışında bildirmişdir ki, qarşıdakı üç il ərzində Xəzər dənizinin neft və qaz sektorunun inkişafına, neft və qaz kəmərlərinin tikintisinə 10 milyard dollar sərmayə qoyulacaq. Neft Fondunun yaradılması ölkənin sabit və hərtərəfli inkişafını təmin edəcək. Azərbaycan Xəzər regionunun enerji ehtiyatlarının işlənməsi və daşınması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Hazırda 16 dövlətin 34 iri transmilli şirkəti Azərbaycanda iqtisadiyyatın bu sahəsinə sərmayə qoymuşdur. Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin və Bakı–Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması Xəzər regionu dövlətlərinin iqtisadiyyatının inkişafına, dünya iqtisadi təhlükəsizliyinin təmin olunmasına imkan verəcək.
Nazir müavini ümidvar olduğunu bildirmişdir ki, 2004-cü ildə Qazaxıstan Bakı-Tbilisi–Ceyhan xəttinə qoşulacaq.
Forumda deyilmişdir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci sammiti bu ilin ikinci yarısında Tehranda, Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı xüsusi işçi qrupunun növbəti iclası isə Qazaxıstanda keçiriləcək.
Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov forumda iştirak etmişdir.