Qazaxıstandakı “Dünya Türkləri Assambleyası” Beynəlxalq İctimai Təşkilatının prezidenti, Akademik Yermentay Sultanmuratdan
Çox hörmətli İlham Heydər oğlu,
Dünya Türkləri Assambleyası - türk xalqlarının görkəmli ictimai, siyasi və dövlət xadimlərini birləşdirən beynəlxalq ictimai təşkilat Sizi yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir.
Mən 2007-ci ildə türk dövlətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının iştirakçısı kimi Bakıda olmuşam. O vaxt şəhərin siması hələ keçən əsri xatırladırdı. 2011-ci ildə Dünya Azərbaycanlıları Qurultayının fəxri qonağı kimi Bakıda olanda isə ölkənizin paytaxtının qısa müddətdə tanınmayacaq dərəcədə dəyişdiyini görüb vəcdə gəldim. Müasir, qeyri-ordinar arxitektura həlləri şəhərdəki qədim memarlıq nümunələri ilə üzvi vəhdət təşkil edir. Bütün respublikanın necə inkişaf etməsi də göz qabağındadır. Belə ölkə ilə təkcə qardaş Azərbaycan xalqı yox, biz hamımız - bütün dünya türkləri fəxr edirik.
Hamı etiraf edir ki, bu uğurların qazanılmasında, ölkənin sərvətlərindən istifadə etməklə xalqı onun rifahı naminə sıx birləşdirməklə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsində Sizin xidmətləriniz həlledici olmuşdur. Buna görə də Azərbaycan xalqı Sizə yenidən etimad göstərmişdir.
Bu gün Azərbaycan güclü dövlətdir. Biz Sizə - bu güclü dövlətin liderinə, Sizin ailənizə, bütün Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayırıq.
Dərin hörmətlə,
Akademik Yermentay Sultanmurat
Qazaxıstandakı “Dünya Türkləri Assambleyası” Beynəlxalq
İctimai Təşkilatının prezidenti